Vaqif Sadıqov: Subaşiç söhbəti artıq bağlanıb – MÜSAHİBƏ
16.01.2013 - 16:55
Vaqif Sadıqov: Subaşiç söhbəti artıq bağlanıb – MÜSAHİBƏ
AZAL-ın baş məşqçisi Vaqif Sadıqovun apasport.az saytına müsahibəsi

- Komandanız hazırlığı başa vuraraq, sabah Antalyaya təlim-məşq toplanışına yollanır. İlk mərhələdən nə dərəcədə razı qaldınız?
- Hazırlıq mərhələsində futbolçuları sınamaq üçün ikitərəfli oyun keçirdik. Düzdür, bu, 30 dəqiqədən ibarət oldu. Oyunçular çox yaxşı təsir bağışladılar. Ən vacibi odur ki, futbolçularda əhval-ruhiyyə, istək, inam yüksək səviyyədədir. Bu amillər məni razı saldı. İnanıram ki, bu templə işimizi davam etdirib, güclü komanda yaradacağıq.

- İstirahətdən sonra futbolçuların hazırlıq durumunu necə dəyərləndirərdiniz?
- İndidən bu haqda nəsə demək çətindir. Hazırlıq yeni başlayıb. Hər halda, futbolçular məşqlərdə yaxşı çalışırlar.

- Heyətdə hansı dəyişiklər olacaq?
- Onu deyə bilərəm ki, komandadan heç kim getməyəcək. İmkan olarsa, gücümüzə güc qatacaq futbolçular qatacağıq. Buna Antalyadakı hazırlıq prosesi aydınlıq gətirəcək.

- Səfərə neçə futbolçu ilə çıxacaqsınız?
- 22.

- Yoxlama oyunlarında rəqiblərin hamısı müəyyənləşib?
- 4 görüş keçirməyi nəzərdə tutmuşuq. Rəqiblərin hamısının güclü olmağını istəmişik. Çin, Bolqarıstan, Rumıniya, Finlandiya klubları ilə oynayacağımız gözlənilir.

- Matçların tarixləri nə vaxtdan başlayacaq?
- Komandamız Antalyaya gedəndən sonra 4-5 gün məşq edəcək. Yanvarın 22-dən oyunlar başlayacaq. Yanvarın 26-da, 29-da, fevralın 1-də matçlar olacaq.

- Hansı mövqeləri gücləndirməyi vacib sayırsınız?
- “Altılığ”a düşmək üçün qalan 5 oyunda maksimum xal toplamalıyıq. Bu üzdən bizə mütləq hücumçu lazımdır.

- Bu müddətdə menecerlər xüsusi fəallıq göstərirlər. Maraqlıdır, siyahınızda hansı legionerlər var?
- Həqiqətən də menecerlər fasilə müddətində futbolçuları klublara təklif etmək baxımından çox fəal olurlar. Kamerun, Nigeriya, Braziliya, İspaniyadan futbolçuların gəlişi nəzərdə tutulub. Son 2 ölkədən 2 oyunçunun düşərgəmizdə olacağı gözlənilir.

- Neçə transfer nəzərdə tutmuşuq?
- 1-2 yeni futbolçu olacaq. Çox istərdim ki, bu müddətdə yerli futbolçu alaq. Ancaq təəssüf ki, buna nail ola bilmədik.

- Qış fasiləsində futbolçuların klublarla müqavilələrin olmağı problem yaratdı?
- Bəli. Qış fasiləsi yerli oyunçu transferi baxımından çətin dövrdür. İstədiklərimizin bəzilərinin klubları ilə müqavilələri var, bəziləri isə başqa komandalarla anlaşdılar. Buna görə də yeni futbolçular olsa, bunlar legionerlər olacaq.

- Yerlilərdən söz düşmüşkən, Branimir Subaşiç əslən serbiyalı olsa da, milliləşdirildiyindən, yerli oyunçu statusu daşıyır. Onun AZAL-a keçidi variantı vardı...
- Bilirdim ki, məndən Subaşiçi soruşacaqsınız. Onu deyə bilərəm ki, Subaşiçin məsələsi artıq bağlanıb. O, bizim futbolçu deyil.

- Subaşiç çox pul istədiyinə görə transfer gerçəkləşmədi?
- Futbolçu fikirləşmək üçün vaxt istəyirsə, cavab verməlidir. Biz belə öyrəşmişik. Branimir daha maraq dairəmizdə olmadığından, özünə başqa komanda axtara bilər.

Mehman SÜLEYMANOV