AFFA Böyükağa Hacıyevin cavabını verdi
16.01.2013 - 18:12
AFFA Böyükağa Hacıyevin cavabını verdi
“Milli komandada heyəti Berti Foqts müəyyənləşdirir. AFFA rəhbərliyi nəinki almaniyalı mütəxəssisə, bütün yığmaların baş məşqçilərinə sərbəstlik verib”. Bu fikirləri apasport.az saytına açıqlamasında AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlu deyib.

Antalyada təlim-məşq toplanışında olan “Neftçi” klubunun baş məşqçisi Böyükağa Hacıyev Berti Foqtsa etirazını bildirib. Yığmanın heyətinin almaniyalı mütəxəssis tərəfindən müəyyənləşmədiyini vurğulayan Hacıyevin fikrincə, assosiasiyada “ağ-qaralar”ın uğurlarına qısqanırlar.

Hacıyevin fikirlərini absurd sayan Nərimanoğlu isə bildirib ki, milli komandalarda baş məşqçilərin seçiminə hansısa müdaxilə edilmir: “Əvvəla, bütün yığmaların baş məşqçiləri heyətə çağırılacaq futbolçuların siyahısını özləri hazırlayırlar. İkincisi, “Neftçi”nin uğuruna ən çox sevinən təşkilat AFFA-dır. Baş məşqçisi Böyükağa Hacıyevə hörmətimiz var. Amma unutmayaq ki, AFFA “Neftçi”nin qrup mərhələsində evdə keçirdiyi hər 3 oyunda təşkilatçılıq işlərində yardımçı oldu”.

Departament rəisi “Neftçi”nin gənc futbolçularının əsas yığmadan kənarda qalmağına da münasibət bildirib: “Cavid İmamverdiyev millinin Dubay toplanışına çağırılıb. Sadəcə, əsas yox, ehtiyat heyətdə yer alıb. 21 yaşlılardan ibarət yığmamız da qış fasiləsində xaricdə təlim-məşq toplanışında olacaq. Antalyaya gedəcək U-21-in də yoxlama oyunları var. Bu 2 komandanın təlim-məşq toplanışı eyni vaxta düşəndə, baş məşqçilər heyətlə bağlı məsləhətləşirlər. Buna əsasən “Neftçi”dən Tərlan Quliyev, Elvin Yunuszadə, həmçinin Mirhüseyn Seyidov, Araz Abdullayev 21 yaşlıların toplanışına çağırılacaq”.