Fərid Quliyev: Mən dustaq yox, futbolçuyam
17.01.2013 - 15:07
Fərid Quliyev: Mən dustaq yox, futbolçuyam
“Danışıq apardığım komandalar artıq Türkiyəyə təlim-məşq toplanışına gediblər. “Turan” isə mənə əngəl yaradır”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Turan”ın futbolçusu Fərid Quliyev deyib.

Qış fasiləsi başlayandan Tovuz təmsilçisindən ayrılan 27 yaşlı hücumçu yeni komandaya keçmək istəsə də, buna nail ola bilmir.

Belə ki, “Turan” müqavilə ilə ona məxsus olan Fəridin komandanın hazırlığına qatılmağını vacib saysa da, futbolçu bunu istəmir: “Hazırda fərdi məşq edirəm. Düzdür, komanda ilə hazırlaşmaq daha yaxşıdır. Bu, fərdi məşqlə eyni deyil. Ancaq “Turan”a qayıtmaq fikrim yoxdur. Kim məni məcbur edə bilər ki? Mən dustaq yox, futbolçuyam. “Turan”a qayıtmaq istəməyimin səbəbini vaxtı gələndə açıqlayacağam”.

“Turan”ın vitse-prezidenti Namiq Məstanov apasport.az-a açıqlamasında klubu maliyyələşdirən rayon rəhbərliyinin Quliyevlə bağlı yekun qərar verəcəyini bildirib. Ancaq Bunlar haqda məlumatlı olan futbolçu “transfer pəncərəsi” bağlanana kimi özünə komanda tapa biləcəyinə inanır: “Transfer vərəqəm verilməyibsə, nə edə bilərəm? Belə götürəndə, klublarımız 1 həftədir hazırlığa başlayıb. Hələ gec deyil. İnanıram ki, yeni kluba keçidimi yanvarın 25-ə kimi həll edə biləcəyəm”.