“Onda hiss etdim ki, Foqts məni çağırmaq istəyir” - MÜSAHİBƏ
22.01.2013 - 11:10
“Onda hiss etdim ki, Foqts məni çağırmaq istəyir” - MÜSAHİBƏ
“Simurq”un futbolçusu, Azərbaycan milli komandasının debütantı İlkin Qırtımovun apasport.az saytının Antalyaya ezam olunmuş əməkdaşına müsahibəsi

- Antalyada məşqlər necə keçir?
- Yaxşı. Fiziki məşqlərimizi qurtardıq. İndi hazırlığın 2-ci mərhələsindəyik ki, bu da toplu çalışmalardan ibarətdir. Bu zaman texniki, taktiki hazırlığa üstünlük veririk. Bu müddətdə bir neçə yoxlama oyunumuz var.

- Sizcə, bu mövsümdə nəticə baxımından nəyə nail ola bilərsiniz?
- Bizim qarşımıza “altılığ”a düşmək məqsədi qoymuşdular. Allaha min şükür ki, hələlik hər şey yaxşı gedir. Turnir cədvəlində 2-ci yerdəyik və mövqeyimizi sona kimi qorumaq istəyirik. Əlbəttə, mükafatçılar sırasına düşüb, avrokuboklara çıxmaq arzusundayıq.

- Çoxları elə düşünür ki, “Simurq” bu mübarizədə sona kimi tab gətirməyərək, aşağı düşəcək. Bu, rəqiblərinizin arxayınlaşmağı baxımından sizin xeyrinizə olacaq...
- Düzdür. Ancaq biz buna fikir verməyək. Bu, onların öz işləridir. Biri elə deyir, biri belə...Hər kəs eyni şeyi deyə bilməz. Biz deyilənlərə fikir verməyərək, uğurlu çıxışımızı davam etdirməyə çalışacağıq.

- Bu müddətdə şəxsən sizin üçün xoş xəbər millimizə çağırılmağınız oldu ki, bununla da debüt etmək imkanı qazanırsınız. Dubay toplanışına çağırılacağınızı gözləyirdiniz?
- Bəli. Allaha şükür ki, çağırdılar. Bildiyiniz kimi, məni dekabrda Bakıda seleksiya xarakterli təlim-məşq toplanışına dəvət etmişdilər. Orada da özümü göstərdim.

- Yığmamızın baş məşqçisi Berti Foqtsla şəxsən söhbətləşdinizmi?
- Bəli, məşqdə. O, yanına bir neçə futbolçunu, o cümlədən məni çağırdı. Millidə müdafiənin sağda oynayan çox futbolçular var. Ancaq onları başqa yerdə, məni isə məhz sağda, yəni öz mövqeyimdə oynadırdı. Yanlmda duraraq, məsləhətlərini verirdi. Həmin vaxt hiss edirdim ki, Foqts məni çağırmaq istəyir.

- Ümumiyyətlə, almaniyalı mütəxəssisin əsas hansı cəhəti xoşunuza gəldi?
- Əsas sərt mübarizəni xoşlamağı. Mən də belə oyunu sevirəm. Belə baş məşqçi olanda, mənə oynamaq daha rahat olur. Düzdür, sərt mübarizə ilə kobud oyun başqa şeylərdir. Mənim də son vaxtlar qırmızı vərəqələrim olub. Ancaq millidə oyunuma fikir verəcəyəm.

- Millimizdə müdafiənin sağ cinahında təcrübəli futbolçular çox olduğundan, rəqabət böyükdür. Bu mənada əsas heyətə düşmək şansını necə dəyərləndirərdiniz?
- Həmkarlarıma hörmətlə yanaşıram. Onlar yaxşı futbolçulardır. İnşallah, mən də özümü göstərib, oynamaq istəyirəm.

- Yəni güclü rəqabətdən çəkinmirsiniz?
- Yox. Niyə rəqabətdən çəkinməliyəm ki? Rəqabət olmasa, qabağa getmək olmaz.

- Millimizin Dibayda Özbəkistan və Lixtenşteyn yığmaları ilə yoldaşlıq görüşlərindən nə gözləyirsiniz?
- Normal rəqiblərdir. Qələbə qazanmağa çalışacağıq. Mən uduzmağı istəyən adam deyiləm. Nə bacarırıq, meydanda qoyacağıq. Həmin oyunlarda məqsədim həm nəticə qazanmaq, həm də özümü göstərmək olacaq. Bu, mənim üçün milliyə düşmək baxımından bir şansdır və istifadə etmək istəyirəm.

- Ancaq onu da nəzərə alaq ki, sizin beynəlxalq təcrübəniz yoxdur...
- Elədir. Ancaq mən belə şeylərdən çəkinmirəm. Bunlar məni ruhdan salmır. Özümü göstərib, sona kimi yığmada olmaq istəyirəm.

Mehman SÜLEYMANOV
ANTALYA