“Apasport”un 4 əməkdaşı Antalyada
22.01.2013 - 12:42
“Apasport”un 4 əməkdaşı Antalyada
Topaz Premyer Liqasında qış fasiləsidir. Apasport.az saytının məlumatına görə, “Turan”, “Rəvan”, “Sumqayıt” və “Kəpəz” istisna olmaqla, klublarımızın əksəriyyəti Türkiyənin Antalya şəhərində hazırlıq keçir.

Komandalar burda məşq keçməklə paralel, mövsümün qalan oyunlarına yaxşı hazırlıqlı olmaq üçün güclərini yoxlama matçlarında sınayır. Təbii ki, saytımız da imkan daxilində həmin yoxlama görüşlərini yerindəcə, isti-isti işıqlandırmağa çalışıb oxucularımızı məlumatlandırmaq istəyir.

Artıq bunun üçün saytımızın 4 əməkdaşı Antalyadadır. İlk səfərə çıxan kollektivimizin təcrübəli üzvlərindən Mehman Süleymanov olub. O, yanvarın 19-dan “Bakı”nın düşərgəsindən ən qaynar xəbərləri sizlərə çatdırmaq üçün artıq qollarını çırmalayıb.

Növbəti gün isə 2 əməkdaşımız birdən yola düşüb. Əvvəlcə yanvarın 20-si səhər saatlarında saytımızın baş direktoru İxtiyar Əsgərov Bakı – İstanbul – Antalya reysiylə Türkiyəyə yola düşüb. Artıq onun da “Xəzər Lənkəran” düşərgəsindən göndərdiyi eksklüziv xəbərlərlə tanış olmağa başlayırsız.

Həmin gün axşam saatlarında isə ən yeni üzvümüz Səbuhi Tofiqoğlu apasport.az-da ilk səfərini reallaşdırıb. Onun isə məqsədi daha bir iddialı klubumuz “Qəbələ”ni ətraflı işıqlandırmaqdır. Bir gün İstanbulda qalıb, Acıbadem Xəstəxanasına ziyarət edən Səbuhinin Antalyadan yazılarını bugündən etibarən əldə edəcəksiz.

Nəhayət daha bir üzvümüz – Vüqar Xeyrullayev də ilk səfərini bu gün günorta saatlarında edəcək. Hakimlərimizin Antalyada idarə edəcəyi yoxlama oyunları haqda yazıları və onların müsahibələrini qaçırmaq istəmirsizsə, o zaman Xeyrullayevin də qaynar xəbərlərini izləməyə dəyər.