"Bəlkə də oyunu yarımçıq saxlayardıq"
22.01.2013 - 22:53
"Bəlkə də oyunu yarımçıq saxlayardıq"
"Bu oyunda məqsədimiz daha çox ehtiyatda qalan futbolçulara şans vermək, onları sınamaq idi". Bu sözləri apasport.az saytına açıqlamasında "Xəzər Lənkəran" klubunun baş məşqçisi Karles Martorell Bakes deyib.

Antalyada təlim-məşq toplantısında olan "ağ-yaşıllar" ikinci yoxlama matçında böyük hesabla yenildilər. Belə ki, Ukraynanın "Krivbass" klubu cənub təmsilçisinin qapısından 6 cavabsız top keçirdi.

İspaniyalı çalışdırıcı qarşılaşmadan sonra əməkdaşımızın "0:6 hesablı məğlubiyyət sizi nə dərəcədə narahat edir" sualını belə cavablandırıb: "Təbii ki, nəticə məni narahat edir, amma o dərəcədə yox. Düzdü, belə yenilgi "Xəzər Lənkəran"a yaraşmır. Ancaq nəzərə alaq ki, biz fiziki hazırlığa diqqət yetirirdik. Üstəlik, tam heyətlə oynamırdıq. Zədəlilər olmasaydı, nəzərdə tutulan transferlər gerçəkləşsəydi və həmin futbolçularla uduzsaydıq, nəticədən daha çox narahat olardım. Düzdü, narahatçılığa əsas var. Biz yeni transferlərin həyata keçirilməsində gecikirik".

Maraqlıdır ki, hələlik 15 futbolçu ilə hazırlıq keçən Bakes ehtiyatda qalan futbolçulara şans verdiyini deyir. Amma hansı ki, komanda hələlik oturuşmuş heyətə malik deyil: "Yeni transferləri gözləyirik. Həqiqətən də, "Xəzər Lənkəran"ın güclənməsinə ehtiyac var. Bəzi mövqelərdəki çatışmazlıqlar həll olunmalıdı. "İnter"lə oyuna təxminən 20 gün qalıb. Yeni transferlərin heyətə nə vaxt qoşulacağını gözləyirik. Özünüz də gördünüz ki, bu gün meydana 1 qapıçı ilə çıxmışdıq. Təsəvvür edirsiz, Orxan zədələnsəydi qapıda kim durmalı idi? Kim bilir, bəlkə də oyunu yarımçıq saxlayardıq. 1 qapıçı, 2 müdafiəçi və 1 hücumçu lazımdı".

Heyətdəki zədəli futbolçulara gəlincə, Bakes artıq yunan Dimitrios Sialmasın məşqlərə başlayacağını bildirib: "Radomir Todorov, Dimitrios Sialmas, Eder Bonfim bizim üçün önəmli futbolçulardır. Sialmas artıq 2 gündən sonra bizimlə birgə məşqlərə başlayacaq. Todorov əməliyyat olunub, gələn həftəyə qədər həkimlər ona yalnız qaçmağı tapşırıb. Eder də zədəlidi, 1 həftə sonra kollektivlə birgə hazırlaşacaq".