“Partizan”ın futbolçusu “Qəbələ”də
23.01.2013 - 00:02
“Partizan”ın futbolçusu “Qəbələ”də
Antalyada hazırlıqlarını davam etdirən “Qəbələ”də bir neçə futbolçu baxışdadır. Apasport.az saytının Antalyaya ezam olunmuş əməkdaşının məlumatına görə, hazırda 4 legioner futbolçu baxışdadır.

Bunlar seneqallı hücumçu Mustafa Dabo, sloveniyalı yarımmüdafiəçi Luka Jinko, nigeriyalı müdafiəçi İfeanyi Emeqara və rumıniyalı Kristian Pulhakdır.

Dabo və Jinko hələ komanda Mingəçevirdə hazırlıq keçərkən düşərgədə olub. Buxarest “Dinamo”suna məxsus olan Pulhak isə Rumıniya mətbuatına “Qəbələ”yə gələcəyi ilə bağlı verdiyi açıqlamalardan bizə yaxşı tanışdır.

Təbii ki, bunlardan ən məşhur sima Emeqaradır. 28 yaşlı futbolçu sağ cinah müdafiəçisidir və dünənki yoxlama oyununda ilk dəqiqələrdən meydanda olub. Ölkəsində “Ebedey”, Serbiyada “Teleoptik”, “Partizan”, Rumıniyada “Timişoara” və “Styaua”nın formalarını geyib.

2007-ci ildən “Styaua”da çıxış edən İfeanyi məhz bu müddətdə 3 dəfə Nigeriya millisinin formasını geyib.

Qeyd edək ki, “Qəbələ”də daha 2 futbolçu baxışda olub. İtaliyalı David Bonite hələ dünəndən geri göndərilib. Serbiyalı yarımmüdafiəçi Qoran Qoqiç isə “İnqolştadt 04”lə oyunda ümidləri doğrultmayıb.

Səbuhi TOFİQOĞLU
ANTALYA