Covanni Melkiorre: Lənkəran fanatları daha yaxşıdırlar
23.01.2013 - 12:22
Covanni Melkiorre: Lənkəran fanatları daha yaxşıdırlar
“Azərbaycan haqda yalnız xoş xatirələrim qalıb. Bəlkə də bu üzdəndir ki, hər zaman futbolunuz haqda məlumat almağa çalışıram”. Bu sözləri apasport.az saytının Antalyaya ezam olunmuş əməkdaşına açıqlamasında “Neftçi” və “Xəzər Lənkəran” klublarının sabiq məşqçisi Covanni Melkiorre deyib.

Fiziki hazırlıq üzrə mütəxəssis hazırda Rumıniyanın “Petrolul” klubu ilə birlikdə Türkiyədə təlim-məşq toplanışındadır. Hazırlıq zamanı əməkdaşımızla söhbətləşən italiyalı "Neftçi"nin avroliqada üzləşdiyi uğursuzluğa belə şərh verib: “Əslində, "Neftçi"nin Avropa Liqasının qrup mərhələsinə düşməsini çox yüksək qiymətləndirirəm. Bu, həqiqətən böyük uğurdur. Komandanın qrupda yalnız bir oyununu izlədim ki, bu da “İnter”lə Bakıdakı qarşılaşma idi. "Neftçi" üçün çox çətin oldu. Səbəb kimi bu səviyyədə təcrübənin olmamasını göstərmək olar. Lakin zaman keçdikcə vəziyyət yavaş-yavaş düzəlməlidir”.

Melkiorre vaxtilə ölkəmizdə çalışdığı 2 klubu müqayisə də edib: “Neftçi”də daha uzun müddət çalışmışam. Bu üzdən komandanı daha yaxşı tanıyıram. Mənim Azərbaycanda çalışdığım vaxta əsasən deyərdim ki, “Neftçi” Azərbaycanın ən güclü komandasıdır. Amma azarkeşlər Lənkəranda daha möhtəşəm, daha yaxşı, daha fərqlidir. Sizin klubları indiki komandamla müqayisə edəndə isə onların çıxış etdiyi çempionatlardakı fərq göz önünə gəlir. Rumıniya çempionatı Avropa futboluna daha yaxındır”.

Vüqar XEYRULLAYEV
Antalya