”Lokomotiv”in futbolçusu millimizə qarşı oynaya bilməyəcək
29.01.2013 - 13:23
”Lokomotiv”in futbolçusu millimizə qarşı oynaya bilməyəcək
Özbəkistan yığmasının futbolçusu İvan Naqayev fevralın 1-də Azərbaycan yığması ilə yoldaşlıq görüşündə iştirak edə bilməyəcək. Apasport.az saytının məlumatına görə, buna səbəb hücumçunun zədə üzündən millinin Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindəki təlim-məşq toplanışını tərk etməli olmağıdır.

Belə ki, növbəti tibbi müayinədən sonra İvanın məşqləri davam edə bilməyəcəyi müəyyənləşib. Buna görə Daşkəndə qayıdan yerli “Lokomotiv”in futbolçusu tez bir zamanda bütün lazımı müalicəsi proseduraları keçməlidir.

Rəqibin düşərgəsində heyətlə bağlı başqa problem yoxdur. Belə ki, Özbəkistan yığmasının təcrübəli hücumçularından olan, Qazaxıstanın “Aktobe” klubunda oynayan Aleksandr Heynrix artıq yığmaya qoşulub. Onun komanda yoldaşları – yarımmüdafiəçi Timur Kapadze ilə hücumçu Marat Bikmayev bunadək Dubaya gəliblər.

Ötən il Özbəkistanın ən yaxşı futbolçusu seçilən Sancar Tursunov tezliklə qrup halında məşq edəcək. Yarımmüdafiəçi artıq topla işləməyə və daha intensiv məşqlərə başlayıb. Bunadək o, yalnız yüngül qaçış hərəkətlərinə edə bilirdi.