"Rəvan" gündə 2 dəfə məşq edir - FOTOSESSİYA
29.01.2013 - 21:05
"Rəvan" gündə 2 dəfə məşq edir - FOTOSESSİYA
Topaz Premyer Liqasının 2013-cü ildəki bölümünə hazırlıqlarını davam etdirən "Rəvan” ənənəvi qaydada gündə 2 dəfə məşqə çıxır. Apasport.az-ın klubun saytına istinadən məlumatına görə, komanda səhər məşqlərində əsasən fiziki, axşam hazırlığında isə taktiki-texniki çalışmalara üstünlük verir.

Ancaq fiziki hazırlıq üzrə yeni məşqçi işə başlayandan bu yöndəki çalışmalar daha da artıb. Təsadüfi deyil ki, slovak mütəxəssis Rastislav Svitski axşam məşqlərində də futbolçulara ciddi nəzarət edir. Özünün dediyi kimi, baş məşqçi Ramil Əliyev ona oyunçuları maksimum yükləməklə bağlı razılıq verib. Bu üzdən komandanın bütün məşqlərində bu istiqamətdə xüsusi işlər görülür. "Sumqayıt”la yoxlama matçından sonra birgünlük istirahətə buraxılan komanda üzvləri artıq 2 gündür məşqləri bərpa edib. Özü də yeni həftənin ilk 2 günündə futbolçular müxtəlif testlərdən keçiblər.

Əvvəlcə trenajor zalında ayaq, qol və qarın əzələlərinin möhkəmləndirilməsi üzərində işləyən “Rəvan”ın üzvləri sonra müxtəlif məsafələrə sprint üsulu ilə qaçış həyata keçirib. Dəqiqləşdirsək, futbolçular 10, 30, 50 və 100 metrlik məsafələrə qaçıblar. Eyni zamanda futbolçuların maksimum yüklənmə həddini bilmək üçün onlardan xüsusi test də götürülüb.