Doblas gəlir, Lançariç gedir
30.01.2013 - 04:21
Doblas gəlir, Lançariç gedir
Antalyada təlim-məşq toplanışında olan “Xəzər Lənkəran” transfer çalışmalarını davam etdirir. Apasport.az saytının məlumatına görə, "ağ-yaşıllar" İspaniyanın “Saraqosa” klubunun qapıçısı Toni Doblasla razılığa gəlib.

32 yaşlı ispaniyalı qolkiperlə aparılan danışıqlar uğurla nəticələnib. Bu gün Doblas komandanın düşərgəsində olacaq.

Tam adı Antonio Toni Doblas Santana olan qolkiper 1980-ci ilin avqustun 5-də Sevilyada anadan olub. 1.85 sm boya malik olan qapıçı peşəkar karyerasına “Betis”də (B) başlayıb. Burada 4 mövsüm oynadıqdan sonra Doblas “Betis”in əsas komandasında keçir.

Bu klubun heyətində 2008-ci ilə qədər Toni 76 oyunda forma geyinib. Lakin “Betis”ə gəldiyi ilk mövsümdə Doblas (2003) bir il “Xeres”də icarə əsasında çıxış edib. Toni daha sonra 2008-ci ildə “Saraqosa”ya keçib. O, bu komandanın şərəfini yalnız bir mövsüm qoruyub.

2009-cu ildə isə Doblas “Hueska” ilə müqavilə imzalayıb. Burada bir il çıxış etdikdən sonra o, yenidən sabiq komandası “Saraqosa”ya geri qayıdıb. Bir mövsüm sözügedən komandanın qapısını qoruduqdan sonra isə Toni, ikinci dəfə “Xeres”də (2011-2012) icarə əsasında çıxış edib.

Doblasın gəlişindən sonra böyük ehtimalla, hazırda baxışda olan Filip Lançariç komandadan uzaqlaşdırılacaq.