Əmrə Bəlözoğlu “Fənərbaxça”ya qayıdır
30.01.2013 - 06:09
Əmrə Bəlözoğlu “Fənərbaxça”ya qayıdır
“Fənərbaxça” Madrid “Atletiko”sunda çıxış edən sabiq futbolçusu Əmrə Bəlözoğlunu heyətinə qatıb. Apasport.az saytının “NTV Spor”a istinadən məlumatına görə, ötən mövsümün sonunda İstanbul klubu ilə müqaviləsi başa çatdıqdan sonra İspaniya təmsilçisinə keçən 32 yaşlı yarımmüdafiəçi yenidən “sarı bülbüllər”in heyətinə qayıdıb.

Xəbərdə o da bildirilir ki, Madriddə heç də xoşbəxt olmayan Əmrə “Fənərbaxça” ilə 2.5 illiyinə müqavilə imzalayıb.

Digər tərəfdən isə “Radyospor”a açıqlama verən Bəlözoğlunun meneceri Əhməd Bulud qəti bir razılaşmanın olmadığını ifadə edib. O, bu transferin baş tuta biləcəyini vurğulayıb:

“Ortada qəti bir razılaşma yoxdur. Əmrə ilə görüşdüm və sabah Madridə gedirəm. Transferdə hər şey ola bilər. Bəlözoğlu “Fənərbaxça”ya yenidən qayıda bilər. Lakin qəti olaraq bir razılaşma yoxdur”.

Qeyd edək ki, Əmrə Bəlözoğlu “Fənərbaxça”ya transfer olunarsa, o, Avropa Liqasında forma geyinə bilməyəcək. Çünki futbolçu sözügedən turnirdə ötən il “Atletiko”nun heyətində çıxış edib və hazırda madridlilərin oyunçusu olaraq UEFA-ya təqdim edilib.