Cavid Hüseynov: Özümlə barışa bilmirəm – MÜSAHİBƏ
30.01.2013 - 11:20
Cavid Hüseynov: Özümlə barışa bilmirəm – MÜSAHİBƏ
Türkiyənin “Adana Dəmirspor” klubunun və Azərbaycan millisinin futbolçusu Cavid Hüseynovun apasport.az saytına müsahibəsi

- Klubunuzda işlər necə gedir?
- Normal. Turnir cədvəlində 4-cü yerdə gedirik. Düzdür, sona hələ 15 tur var. Ancaq hər halda, yüksək liqaya çıxmaq iddiamızı davam etdiririk. Özümü yaxşı hiss edirəm. Şükür Allaha, təlim-məşq toplanışını yaxşı keçdik və lazımı formadayam. Milliyə qoşulan kimi oyunlarda hər şeyimizi qoymağa hazırıq.

- Oynadığınız Türkiyənin I liqasında oyunlar gedir. Ancaq siz milliyə tez gəldiniz. Bu məsələ necə həll olundu?
- Klubumuzun fevralın 3-də oyunu var. Millimiz isə fevralın 1-də və 6-da oynayacaq. Mən əgər 3-də “Adana Dəmirspor”da oynasaydım, ertəsi Dubaya yollana bilərdim. Bu zaman yol yorğunluğu olacaqdı. Buna görə özüm istədim ki, milliyə əvvəldən qoşulum və komandamda 1 oyunu buraxım.

- Klubunuz bunda problem görmədi?
- Düzdür, onlar demişdilər ki, bəlkə getməyəsən. Ancaq mənim özüm gəlmək, ilk oyuna hazırlığa qatılmaq istəyirdim.

- Millimizin əvvəlki Dubay toplanışlarında iştirak etmisiniz. Bu dəfə hansı ümidlərlə gəlmisiniz?
- Məndə yığmanın cari seçmə mərhələ oyunları başlayandan motivasiya çox yüksəkdir. Hər oyunda həm özümdən, həm də komandamdan nəticə gözləyirəm.

- Bu dəfə əvvəl Özbəkistan, sonra Lixtenşteynlə oynayacağıq. Tam fərqli olan rəqibləri necə xarakterizə edərsiniz?
- Özbəkistanla neçə il əvvəl elə Dubayda oynamışıq. Yəni elə də güclü yığma deyil. Düzdür, Asiyada öz sözünü deyəndir. Ümumilikdə, normal, bizə layiq rəqiblərdir. Özümüzü onlara qarşı sınamağa dəyər.

- Lixtenşteyndən fərqli Özbəkistanı da asanlıqla yenəcəyimizi əminliklə söyləmək olmaz...
- Mən elə deməzdim. Düzdür, bəlkə kağız üzərində götürsək, Özbəkistan Lixtenşteyndən güclü rəqibdir. Ancaq futbolda hər şey meydanda bəlli olur. Biz də yerimizdə durmamışıq, inkişaf eləmişik. İnşallah, buna görə millimizdən qələbə gözləyirəm. Yəni özümüzü Özbəkistandan zəif saymıram.

- Millimizin budəfəki heyəti fərqlidir. Bir sıra təcrübəli futbolçular kənarda qalıb, əvəzində yeni oyunçular çağırılıb...
- Bəli, fərqli heyətdir. Gənclərə çox üstünlük veriblər. Bunu da baş məşqçi bilir, özü qərarı verib. Yəqin ki, onun da nəsə fikirləşməyində bir müsbət hal var. Berti Foqts da istəyir ki, çağırdığı gənclər milliyə yavaş-yavaş uyğunlaşsınlar. Çünki onların arasında perspektivli futbolçularımız var. Bu mənada Foqtsun seçimini normal, müsbət qarşılayıram. Yəni belə lazımdır.

- Belə demək olar ki, bu heyətdə siz artıq liderlərdən sayılırsınız və əsas heyətdə meydana çıxmaq şansınız çoxdur?
- Liderlik deyəndə ki, özümü o qədər qaldırıb qoymuram. Sadəcə, bundan sonra millinin oyunlarında özümü lazımı qədər göstərmək və hər bir matçda əsas heyətdə meydana çıxmaq istəyirəm. Bu, mənim qabağıma qoyduğum əsas prinsipdir. Fərqi yoxdur, bu, yoldaşlıq görüşü, yoxsa rəsmi oyundur. Millinin hər bir oyununda artıq əsas heyətdə meydana çıxmaq istəyirəm. Özümlə barışa bilmərəm ki, yığmaya gəlim, ehtiyatda oturum.

- Üstəlik, bu, ilin ilk rəsmi oyunlar – martda keçiriləcək Lüksemburq və Portuqaliya ilə oyunlar öncəsi son sınaq olacaq. Foqts da artıq əsas heyəti, oyun modelini Dubaydakı matçlardan sonra müəyyənləşdirəcək...
- Yəqin ki, bu, yoldaşlıq görüşlərindən sonra heyət tam komplektləşəcək. Ancaq yenə də mənə elə gəlmir ki, Dubaydakı matçlardan sonra rəsmi oyunlar üçün əsas heyət yüzdə yüz dəqiqləşsin. Hər halda, bu toplanışdakı oyunlarda futbolçuların son vəziyyəti ilə tanış olmaq, 70-80 faiz heyəti formalaşdırmaq nəzərdə tutulub.

Mehman SÜLEYMANOV