Toni Doblas: “Xəzər Lənkəran”ın baş məşqçisi mənə inanır
30.01.2013 - 12:10
Toni Doblas: “Xəzər Lənkəran”ın baş məşqçisi mənə inanır
“Mən “Saraqosa”dan vəziyyət pis olduğuna görə getməli oldum. Az oynamağım məni razı salmırdı. Nə qədər işləsəm də, mənə qarşı münasibət dəyişmirdi. Mən də buna daha dözə bilmirdim”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Xəzər Lənkəran”a keçidi gündəmdə olan ispaniyalı qapıçı Toni Doblas deyib. Təcrübəli qapıçı vətənində məşhur “Marka” qəzetinə verdiyi açıqlamada “Saraqosa”dan gedişinin və karyerasını Azərbaycanda davam etdirməklə bağlı qərarının səbəbini açıqlayıb.

Doblas uzun illər oynadığı “Saraqosa”ya ona yüksək liqaya qayıtmağa imkan verdiyinə görə minnətdarlıq edib. Onun sözlərinə görə, Lənkəran klubunun baş məşqçisinin həmyerlisi olmağı seçimində böyük rol oynayıb: “Mənə “Xəzər Lənkəran”dan bir neçə həftə əvvəl təklif gəldi.
Fikrimcə, artıq İspaniyadan kənarda oynayıb, yeni həyata başlamağın vaxtıdır. Üstəlik, bu komandanın baş məşqçisi ispaniyalı Karles Bakesdir. O, mənə inanır”.

Qeyd edək ki, cənublular Antalyadakı düşərgəsinə bu gün gələcək Doblasla müqaviləni razılaşdırıb.