"Bakı" mötəbər FİTUR 2013 sərgisində
30.01.2013 - 21:20
"Bakı" mötəbər FİTUR 2013 sərgisində
Bu gün İspaniyanın paytaxtı Madrid şəhərində ənənəvi FİTUR turizm sərgisinin rəsmi açılış mərasimi keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan Respublikası Mədəniyyət və Turizm nazirliyi tərəfindən təşkil olunan Azərbaycan bölümündə turizm və biznes sahələri ilə yanaşı idman sektoru da təmsil olunur. İdman sahəsində ölkəmizi "Bakı" təmsil edib.

Onu da qeyd edək ki, ilk dəfədir ki, Mədəniyyət və Turizm nazirliyinin turizm sərgisində Azərbaycanın idman sektoru təqdim olunur. Bu şərəfli missiya "Bakı"nın üzərinə düşüb.

Sərginin açılış mərasiminə qatılan Azərbaycan Respublikası Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev və Azərbaycanın İspaniyadakı səfiri Altay Əfəndiyev Azərbaycan bölümündə yer alan materiallarla tanış olaraq, sərgi iştirakçılarına uğurlar arzulayıblar.

"Bakı"nın icraçı direktoru Yaşar Seyidov fəxri qonaqlara paytaxt klubunun sərgidə iştirakı barədə ətraflı məlumat verib. Klubun media və marketinq departamentinin rəhbəri Nəriman Mehdiyev ziyarətçiləri "Bakı"nın beynəlxalq əlaqələri, o cümlədən, İspaniyanın "Atletiko" klubu ilə əməkdaşlıq, bu müqavilənin Azərbaycan futboluna verəcəyi böyük fayda və perspektivlər haqda məlumatlandırıb.

Sərginin ilk günü Azərbaycan bölümü böyük marağa səbəb olub. Fərəhlidir ki, "Bakı"nın stendi önündə çoxsaylı ziyarətçi axını izləmək artıq adi hal kimi qəbul olunur. Diqqətdən yayınmır ki, İspaniya əhalisi və müxtəlif ölkələrdən gələn qonaqlar klubu haqda daha çox məlumat əldə etmək niyyəti ilə stendin qarşısında daha çox ayaq saxlayırlar. Ümumiyyətlə, sərginin ilk günü Azərbaycan bölümünü on minlərlə adam ziyarət edib.

Madridin İFEMA sərgi mərkəzində 5 gün ərzində davam edəcək beynəlxalq sərgidə "Bakı"nın infrastruktur çalışmaları, uşaq futbolu, futbol akademiyasının fəaliyyəti, beynəlxalq əlaqələr, o cümlədən, "Atletiko" ilə əməkdaşlıq barədə ətraflı məlumat veriləcək, təbliğat-təşviqat materialları, klub atributları, tarixi video və audio vəsaitləri yer alır.

Məlumat üçün əlavə edək ki, FUTUR sərgisi dünyanın ən böyük sərgi-nümayiş mərkəzlərindən biri kimi qəbul olunur. 33-cü dəfə keçiriləcək ənənəvi sərgi daim tək İspaniyanın deyil, eyni zamanda iş dünyasının diqqət mərkəzində olur. Ötən il sərgini 154 ölkəni təmsil edən 6313 jurnalist işıqlandırıb. Bu il sərgiyə 167 ölkədən 9142 şirkət və dövlət strukturu qatılıb.

"Bakı" və İspaniyanın "Atletiko" klubları arasında əməkdaşlıq çərçivəsində nəzərdə tutulan əməkdaşlıq şərtlərdən yararlanan “zolaqlılar” bu mötəbər sərgidə "Atletiko" saatları təşkil edəcək. "Atletiko" futbolçuları və klub rəhbərliyinin nümayəndələri 1 fevral 2013-cü il tarixində sərgini ziyarət edəcək, futbol geyimləri imzalayaraq, ziyarətçilərə hədiyyələr paylayacaqlar.

Sərginin əhəmiyyəti barədə yalnız o faktı vurğulamaq kifayət edər ki, ötən il FUTUR sərgisini 100 mindən artıq Madrid sakini və şəhərin qonaqları ziyarət edib. 33-cü FUTUR Beynəlxalq Turizm sərgisi 3 fevral 2013-cü il tarixlərinə qədər davam edəcək.

Mənbə: fcbaku.com