“İlk oyunda sürpriz oldu” - MÜSAHİBƏ
31.01.2013 - 00:01
“İlk oyunda sürpriz oldu”  - MÜSAHİBƏ
21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Bernhard Lippertin apasport.az saytına müsahibəsi

- Antalyada toplanışını necə dəyərləndirərdiniz?
- Bu toplanış seleksiya xarakteri daşıyır. Buna görə də yeni futbolçuları sınadıq. Hazırlıq müddətində düşərgəmizə klubları ilə birlikdə Antalyada təlim-məşq toplanışı keçən futbolçular da gəldilər. Yəni heyətimiz daim dəyişdi. Seleksiya toplanışında bir neçə futbolçu diqqətimizi cəlb etməyi bacardı və böyük ehtimalla onların xidmətindən istifadə edəcəyik.

- Təlim-məşq toplanışı zamanı bir neçə yoxlama oyunu keçirdiniz. Bu görüşlərdən hansı nəticələr çıxarmısınız?
- İlk oyun mənim üçün müsbət mənada sürpriz oldu. Həmin matçda meydana qarışıq heyətlə çıxmışdıq. Hansı ki, həmin futbolçular ilk dəfə olaraq birgə oynayırdılar. Onlar əllərindən gələnin ən yaxşısını etdilər və qələbə qazandıq. İkinci oyunun nəticəsini kənara qoysaq, qarşılaşma meydana çıxan futbolçuları təhlil etmək baxımından bizə çox şey verdi. Gələcəkdə kimlərə dəvət göndərəcəyimizi dəqiqləşdirdik.

- Almaniyadan və İngiltərədən yeni futbolçular dəvət edilmişdilər. Onlarla bağlı fikrinizi qətiləşdirmisinizmi?
- Bunu köməkçi məşqçilərimizlə müzakirə edəcəyik. Sadəcə, onu deyə bilərəm ki, 2-3 yeni futbolçumuz olacaq.

- Qeyd etdiniz ki, hazırlıq seleksiya xarakteri daşıyırdı və yeni futbolçuları baxışdan keçirdiniz. U-21-in əsas üzvlərinin əksəriyyəti hazırda Antalyada hazırlıq keçir. Bəs onları necə, izlədinizmi?
- Xeyr, bunu etmədik. Digər yandan onları izləməyə ehtiyac yoxdur. Çünki nəyə qadir olduqlarını bilirik. Hər birini ayrı-ayrı tanıyıram. İndiki məqamda bizə tanımadığımız, eləcə də müəyyən səbəblərdən uzun müddət bizdən ayrı qalan futbolçuları izləmək lazım idi.

- Bu toplanışın ardından komandanı komplektləşmiş hesab etmək olarmı?
- Olmaz. Bizə iki mövqeni gücləndirmək lazımdır. Həmin mövqelər haqda açıqlama vermək istəmirəm.

- Andrey Popoviç hazırlıqda özünü necə aparırdı?
- O, həm məşqlərdə, həm də oyunlarda özünü yaxşı tərəfdən göstərir. Hələ ki, səhv buraxmayıb. Xarakteri baxımından da neqativ hərəkət etməyib. Onun haqda başqalarının nə düşündüyü isə mənə maraqlı deyil.

- Yanvarın 31-dən 21 yaşadək futbolçular arasında final mərhələsi 2015-ci ildə keçiriləcək Avropa çempionatının qrup mərhələsinin püşkü atılacaq. Kimlərlə qarşılaşmaq istərdiniz?
- Məndən asılı olsaydı, Andorra ilə beş dəfə qarşılaşardım. Futbol arzuların konserti deyil. Qarşılaşdığın situasiya ilə barışmalısan.

- Komandanın bu dəfə qarşısına konkret hansı məqsəd qoyulacaq?
- Bu rəqiblərdən asılı olacaq. Püşk atıldıqdan sonra reallığa yaxın olacaq bir məqsəd müəyyənləşdirəcəyik. Məsələn, son təsnifat mərhələsində olduğu kimi, İngiltərə və Norveç kimi ilk "səkkizlik"də yer alan komandalarla bir qrupa düşdükdə, digər rəqiblərimizin də onlara yaxın olduqlarını nəzərə alanda bizim uğur qazanmağımız çox çətindir.