“Styaua”nı yenməyimiz bizdə arxayınçılıq yarada bilməz” - MÜSAHİBƏ
31.01.2013 - 00:30
“Styaua”nı yenməyimiz bizdə arxayınçılıq yarada bilməz” -  MÜSAHİBƏ
“Qəbələ”nin baş məşqçisi Ramiz Məmmədovun apasport.az saytının Antalyaya ezam olunmuş əməkdaşına müsahibəsi

- “Styaua”nı da yendiz. Bu oyun haqda nə deyə bilərsiz?
- Adlı-sanlı rəqibimizi yenməyimiz bizdə arxayınçılıq yarada bilməz. Bütün yoxlama oyunlarına çempionatda olduğu kimi hazırlaşırıq. Qarşıda daha bir oyunumuz var. “Milsami” ilə qarşılaşmanı nəzərdə tuturam. Onu da ən yüksək səviyyədə keçirib Antalya toplanışını major notda başa vurmağa çalışacağıq.

- Qələbə qazananda baş məşqçilər bütün kollektivdən razı qalır. Ancaq xüsusi olaraq hansısa futbolçunu pik səviyyədə oynadığı üçün fərqləndirə bilərsiz?
- Bu gün Kristian Pulhakla İfeanyi Emeqaranın oyununu xüsusi qeyd edərdim. Ümumiyyətlə, 4 müdafiəçimizin oyunu da xoşuma gəldi. Çox gözəl müdafiə olunduq. Oyunu əks-hücum üzərində qurmuşduq. Uşaqlar da istədiyimizi yerinə yetirdi.

- Artıq toplanış yekunlaşmaq üzrədir. Müəyyən mənada beyninizdə əsas heyəti formalaşdırmısız?
- Bəli. Əsas heyəti müəyyənləşdirmişik. İnşallah, çalışacağıq ki, “Qarabağ”la matça kimi optimal heyəti qoruyub saxlayaq. Allah bizi zədədən, xəstəlikdən, soyuqdəymədən uzaq etsin.

- 21 yaşadək olan futbolçularla bağlı limitə görə Amit Quluzadə və Ürfan Abbasovdan hansına üstünlük verəcəksiz?
- Kim buna layiq olacaqsa, onu da meydana buraxacağıq.

- Əsas rəqiblərinizdən olan komandaların baş məşqçiləri – Qurban Qurbanov, Kaxaber Tsxadadze və Karles Martorell oyunu canlı izləyirdi. İlk oyununuz “Qarabağ”a qarşı olduğundan, Qurban Qurbanov artıq 2-ci matçınıza baxmağa gəlmişdi. Bu baxımdan rəqib çalışdırıcılardan oyununuz gizlətməyə çalışdız?
- Bu bizim məşqçi uzaqgörənliyimizdir. Hər bir oyunumuza baxmaq hamı üçün sərbəstdir. Bu üsuldan bütün dünyada yararlanırlar. Onlar da izləməyə məcburdur. Çünki əsas rəqiblərindən biri bizik. Gələcək oyunlarda onlara uğurlar arzulayıram.

- Bəs sizin həmin komandaların burda keçirdiyi yoxlama oyunlarına getmək fikriniz var və yaxud hansısa oyunlarına baxmağa getmisiz?
- Biz də onları izləyirik. Lazım olan səviyyədə də oyunlarına qiymət veririk.

Səbuhi TOFİQOĞLU
ANTALYA