“Məndən Azərbaycana niyə getdiyimi soruşurlar”
02.02.2013 - 11:05
“Məndən Azərbaycana niyə getdiyimi soruşurlar”
“Qəbələ”nin qvineyalı müdafiəçisi Umar Kalabanenin apasport.az saytının Antalyaya ezam olunmuş əməkdaşına müsahibəsi

- “Qəbələ”nin Antalya hazırlıqları haqda nə deyə bilərsiz?
- Hazırlıqlar qaydasında gedir. İndi diqqətimizi çempionatın ikinci dövrəsinə yönəltməyə başlayırıq. Burda da 6 yoxlama oyunu keçirmişik və onun 3-də qalib gəlmişik. Göründüyü kimi hər şey yaxşıdır və çempionata hazırıq.

- Yoxlama oyunlarının bəzisində çıxış etsəz də, oynamadığınız matçlar da oldu...
- Baş məşqçi oynatmaq istəsə, mən əlimdən gələni etməyə hazıram. Şəxsən mən oynamaq istəyirəm. Onda bütün gücümü ortaya qoyuram. Ancaq məşqçi oynamağımı istəməsə, onun qərarına hörmətlə yanaşmalıyam.

- “Qəbələ”nin yeni hücumçusu Mustafa Dabo ilə bir otaqda qalırsız. Seneqallı futbolçu ilə öncədən tanışlığınız vardı, yoxsa onu burda tanımağa başlamısız?
- Yox, əvvəllər mənim onunla tanışlığım olmayıb. Birinci dəfə onu burda görmüşəm. Ancaq o, məni tanıyırmış. Çünki mən Qvineya millisinin üzvüyəm. Ordan və “Oser”dəki çıxışlarımdan tanıyırmış. Ancaq mən onu yox.

- Qvineya millisinin vitse-kapitanısız. Yenə də yığmadan dəvətlər olurmu?
- Bəli, yenə də millidən dəvət alıram. Növbəti oyunumuz Fransada olacaq. Fevralın 5-də Seneqalla yoldaşlıq oyununda qarşılaşacağıq.

- Afrikada ölkəmiz və futbolu haqda o qədər də məlumatlı deyillər. Ora gedəndə sizdən “Qəbələ” haqda soruşurlar?
- Bəli, Qvineyada Azərbaycan və onun çempionatı haqda çox məlumatlı deyillər. Onlar həmişə məndən soruşur ki, niyə mən Azərbaycana getdim. Çünki bura getməklə milli karyeramı da sual altına qoymuş oluram. Ancaq mən “Qəbələ”də çıxışımı davam etdirdim. Hətta deyərdim ki, burda daha da artırdım. Qvineya millisinin baş məşqçisi Mişel Dussuyer məni şəxsən yaxından tanıyır. Bu üzdən harda çıxış etməyimdən asılı olmayaraq, mənə dəvət göndərir.

- Bəs sizə futbolumuz haqda sual veriləndə cavabınız nə olur?
- Belə suallar veriləndə deyirəm ki, Azərbaycanda yaxşı çempionat var, burda yaxşı futbolçular çıxış edir. Bura gəlməzdən öncə bu Premyer Liqa haqda heç bir məlumata malik deyildim. Ancaq gəldikdən sonra gördüm ki, Azərbaycanda səviyyəli çempionat var.

- Mövsümün əvvəlində Deyan Kelharla müdafiə xəttində anlaşmazlıq yaşadığınız hiss olunurdu. İndi isə müdafiə xəttinə yeni oyunçular – Kristian Pulhak, İfeanyi Emeqara və Nikola Valentiç cəlb olunub. “Styaua” ilə oyundan sonra baş məşqçiniz müdafiə “4-lüy”ünü tərifləyib. İndi istər Kelharla, istərsə də yeni transferlərlə uyğunlaşmada problem yaşamırsız ki?
- Peşəkar futbolçular harda oynamalı olduğunu bilməlidir. Yeni transferlərlə də problem yaşamırıq. Çünki oyun zamanı ünsiyyət, danışıq vasitəsilə belə problemlərin yaranmasına yol vermirik.

Səbuhi TOFİQOĞLU
ANTALYA