Umar Kalabane: “Qəbələ”dən göndəriləcəyimi bilirdim
02.02.2013 - 12:30
Umar Kalabane: “Qəbələ”dən göndəriləcəyimi bilirdim
“Şəxsən mən özüm “Qəbələ”ni heç vaxt tərk etmək istəməmişəm. Mənim müqaviləm var. Hələ 2 il də “Qəbələ”yə məxsusam”. Bunu apasport.az saytının Antalyaya ezam olunmuş əməkdaşına “Qəbələ”nin qvineyalı müdafiəçidi Umar Kalabane deyib.

“Qəbələ” qış fasiləsinə yollananda komandanı Muammer Ərdoğdu, Nodar Məmmədov, Bruno Barboza, Dieqo, Daniel Kruz və Umar Kalabanenin tərk edəcəyi deyilirdi. Ancaq ilk 3 futbolçu komandadan getsə də, son 3 oyunçu müqaviləsi olduğundan, minimum 6 ay da “qırmızı-qara” formanı geyinəsi oldu.

Ancaq Kalabane komandadan göndəriləsi olacağı halda belə, onun baxımından problem yaratmayacağını bildirir: “Şəxsən baş məşqçinin özü mənə göndəriləcəyimlə bağlı heç nə deməmişdi. Ancaq “Qəbələ”dən göndəriləcəyimi bilirdim. Çünki baş menecerimiz Zaur Əzizov mənə çalışdırıcının qərarını çatdırmışdı. Mən isə “problem yoxdur, əgər istəyirlərsə, gedə bilərəm” demişdim. Ancaq necə oldusa, Mingəçevirdəki hazırlıqlara dəvət olundum. Məşqlərdə var gücümlə çıxış etdim. Görünür, burda özümü yaxşı tərəfdən göstərdiyimdən, baş məşqçimiz sonradan məni göndərmək qərarını dəyişməli oldu”.

Səbuhi TOFİQOĞLU
ANTALYA
0