“Neftçi” güldürməyi də bacarır
02.02.2013 - 16:53
 “Neftçi” güldürməyi də bacarır
Peşəkar Futbol Klubu statusu daşıyan "Neftçi" təəccüb və təəssüf hissi doğuran davranışlarından əl çəkmir. Paytaxt təmsilçisi növbəti dəfə maraqlı qərarlar qəbul edib, üstəlik, bunu gülünc bir şəkildə ictimaiyyətə çatdırıb.

Belə ki, srağagün "Neftçi"nin prezidenti Sadıq Sadıqovun rəhbərliyi altında, klub rəsmiləri və məşqçilər korpusunun iştirakı ilə iclas keçirilib. Toplantıda komandanın hazırlıq prosesi, transfer məsələləri ilə bağlı müzakirələr aparılıb və aşağıdakı qərarlar qəbul edilib:

1. "Neftçi" PFK-nın futbolçusu Cavid İmamverdiyev və digər gənc yerli futbolçularla bağlı transfer danışıqları mövsümün sonuna saxlanılsın.
2. Çilili futbolçu Xose Kabionla 6+1 müddəti şəklində müqavilə imzalansın.
3. Tibbi baxış nəticəsində diz nahiyyəsində zədə aşkarlanması səbəbindən ispaniyalı futbolçu Pedro Perikonun transferi məqsədəuyğun hesab edilməsin.
4. "Neftçi" PFK-nın qapıçı transferi ilə bağlı danışıqları 03.02.2012-ci il tarixinə kimi yekunlaşsın və müvafiq qapıçının transferi həll olunsun.


Bəlkə də kimlər üçünsə klubun rəsmi saytında yerləşdirilən bu xəbər normal görünə bilər, lakin qərarları diqqətlə oxuduqda "quşlar"ı görməmək mümkün deyil. Peşəkar bir klub ictimaiyyəti bu qədər naşı şəkildə məlumatlandırmamalıdı. Digər tərəfdən "Cavid İmamverdiyev və digər gənc yerli futbolçularla bağlı transfer danışıqları mövsümün sonuna saxlanılsın" - qərarına anlam verməkdə çətinlik çəkirik.

Axı, "Neftçi" nə vaxtdadək bu cür ucuz reklamla məşğul olacaq? Yerli oyunçuları xarici klublara "göndərmək" kluba nə qazandırır? Araz Abdullayevin "Everton" dastanı"nın sonu hamıya bəllidi. Əsərin qəhrəmanı indi icarə əsasında çıxış etdiyi "Neftçi"də belə heyətə düşə bilmir. "Fənərbaxça"ya baxışa gedib, "Ərciyəsspor"a transfer olunan Amit Quluzadənin də aqibəti göz önündədi. Adam mövsümün geridə qalan bölümünü "Rəvan"ın ehtiyat oyunçular skamyasında keçirdi. İndi də Cavid İmamverdiyev reklam alətinə çevrilib. Axı, bu, kimə lazımdı?

İmamverdiyev Kiyev "Dinamo"suna baxışa yollananda da yazmışdıq ki, ukraynalılar onu heç vaxt transfer etməz. Razıyam, "Dinamo" kimi sanballı bir klub həmyerlimizi baxışa çağırıbsa, deməli, onun "qabında" bir şey var. Lakin Kiyev təmsilçisi hansısa "Volın" və ya "Tavriya" deyil, tarixi olan, Çempionlar Liqasında mübarizə aparan bir klubdu. Və komandanın ön xəttində adətən daha səviyyəli, Avropada az-çox tanınan futbolçular forma geyinir. Əgər Cavid belə deyək, sağ cinah müdafiəçisi olsaydı, bu xəbəri normal qarşılayardıq. Amma söhbət İmamverdiyevin hazırda çıxış etdiyi mövqedən gedirsə, kiyevlilərin bu cür mühüm rolu həmyerlimizə həvalə edəcəklərinə inanmaq sadəlövhlükdü olardı. Və yekunda da gördük ki, millimizin üzvünün "Dinamo"ya keçidi baş tutmadı.

"Neftçi" rəhbərliyi də çox gözəl bilirdi ki, yuxarıda qeyd etdiyim səbəb üzündən Kiyev təmsilçisi Cavidi əsas komandaya heç vaxt transfer etməz. Əgər İmamverdiyevin özü və "Neftçi" rəsmiləri futbolçumuzun "Dinamo"unun 2-ci komandasına keçidinin əleyinəydilərsə, onda bu həngaməyə gərək yox idi. Cavidi Ukraynada reklam etdirməkdənsə, futbolçunun Antalayda "Neftçi"nin toplanışında iştirakı daha məqsədəuyğun olardı.

O ki qaldı Cavidin məsələsinin mövsümün sonuna saxlanılmasına, millimizin üzvü yayda "Volın", "Tavriya" və ya bunlara bənzər başqa bir Ukrayna klubuna transfer olunsa, təəccüblənmərəm. Axı, "Neftçi"nin Amit Quluzadə təcrübəsi var: "Fənər" baxsın, "Ərciyəsspor" alsın...

"Neftçi"nin Xose Kabionla 6+1 müddəti şəklində müqavilə imzalaması bir yenilikdi. Belə çıxır ki, çilili futbolçu "ağ-qaralar"ın heyətində keçirəcəyi 6 il ərzində özünü doğrultsa, daha 1 il təmsilçimizin formasını geyinəcək.

Əslində isə "Neftçi" bu futbolçu ilə "6 ay + 1 il" şəklində anlaşıb. Gəl ki, mətbuat xidməti belə səhvlərə göz yumur. Bu səhv "Sumqayıt"ın və ya digər hansısa debütant klubun saytında olsaydı, onu "kiçik" təyini ilə yanlışlıq kimi qəbul edə bilərdik. Ancaq bu "quş"u özünü ölkənin bir nömrəli klubu hesab edən "Neftçi" buraxıb. Həm də az qala futbol təsərrüfatımızın ən qayğıkeş prezidenti kimi reklam edilən Sadıq Sadıqovun başçılıq etdiyi iclasın yekun qərarı kimi...

Pedro Perikonun transferinin məqsədəuyğun hesab edilməməsini normal qarşılayırıq. "Aktobe" ilə yoxlama görüşündə (3:0) "Neftçi"nin heyətində fərqlənən ispaniyalının diz nahiyəsində zədə aşkarlandığı üçün bu addım atılıb. Lakin istənilən halda, "Neftçi"nin transfer bazarındakı passivliyi başa düşülən deyil. Baş məşqçi Böyükağa Hacıyev
"Kamança səsini dekabrın 25-dən sonra eşidəcəksiz" söyləsə də, hələlik qulaqlara çatan yalnız qavalın dınqıltısıdı.

"Neftçi"nin 4-cü qərarı isə daha gülməlidi. Qeyd olunub ki, qapıçı transferi ilə bağlı danışıqları 03.02.2012-ci il tarixində yekunlaşsın. Buna bir növ "keçmişə səyahət" də demək olar. Düzdü, sonradan qəflət yuxusundan ayılıb, 2012-ni 2013-lə əvəzlədilər. Nə etmək olar, buna da şükür! Ancaq istənilən halda konkret müddət göstərilməsi sovet vaxtının beşillik planlarını yadıma saldı (Sport Ekspress).

Yeri gəlmişkən, "Neftçi"nin isveçrəli qapıçı Conni Leoni ilə anlaşdığı söylənilir. Lakin ötən il transfer olunduğu Kipr "Omoniya"sında cəmi 3 oyuna çıxan futbolçunun paytaxt klubuna nə dərəcədə faydalı olacağı sual doğurur.