“İnter”in çempion olmaq üçün bütün potensialı var” - MÜSAHİBƏ
03.02.2013 - 15:40
“İnter”in çempion olmaq üçün bütün potensialı var” - MÜSAHİBƏ
“İnter”in direktoru Natiq Məmmədov klubunun rəsmi saytına müsahibə verib. Apasport.az saytının məlumatına görə, Məmmədov Türkiyədə başa çatmaqda olan təlim-məşq toplanışı, mövsümün ikinci hissəsi haqda fikirlərini bildirib və digər sualları cavablandırıb.

- Komanda Türkiyədəki toplanışını artıq başa çatdırır. Hazırlığın gedişi barədə nə deyə bilərdiniz?
- Bütün bu vaxt ərzində məşq prosesini izlədim və deyə bilərəm ki, komanda böyük iş yerinə yetirdi. Futbolçular çox yaxşı çalışdılar. Bu toplanışlar mühüm əhəmiyyət kəsb edir. Onların nəticəsini mövsümün ikinci hissəsində mütləq görəcəyik.

- Toplanış çərçivəsində komanda 4 yoxlama matçı keçirdi, bu gün isə komandanı daha bir oyun gözləyir. Bu matçlarda “İnter” Sizə necə təsir bağışladı?
- Belə oyunlar ilk növbədə oyun praktikasının saxlanması, həmçinin heyətin dəyişməsi və komanda oyununun təşkili, xətlər arasında əlaqələrin yaxşılaşdırılması üçün lazımdır. Bununla belə, hesab edirəm ki, bu oyunlarda “İnter” özünü yetərincə yaxşı tərəfdən göstərdi. Biz alman klublarına heç nədə uduzmadıq. Zaporojye“ Metallurq”u ilə keçirilən oyun barədə də eyni sözləri deyə bilərəm. “Ordabası” ilə oyunda biz rəqibi məğlub etdik. Gənc futbolçuların da özlərini yaxşı tərəfdən göstərmələri sevindiricidir. Onlar Azərbaycan futbolunun gələcəyidirlər və bizim klubda gənc oyunçulara xüsusi diqqət verilir.

- Komandanın hazırlığı üçün yaradılmış şəraitdən razı qaldınız?
-Deyə bilərəm ki, burada təşkilat yüksək səviyyədədir. Komandanın hazırlığı üçün lazımi şərait yaradıldı. Cərəncamımızda futbol meydançaları, trenajor zalı və futbolçuların sürətli bərpası üçün zəruri şərait var. Klubun rəhbərliyi komandanı zəruri şəraitlə təmin etdi.

-Bundan başqa, zədə üzündən uzun zamandır komandadan ayrı düşən Petar Zlatinov və Georgi Adamiya da artıq “İnter”in sərəncamındadırlar...
- Bu oyunçuların komandaya qayıtmaları bizi sevindirir. Onlar yetərincə təcrübəli futbolçulardır və mövsümün ikinci hissəsində bizə kömək etməlidirlər. Biz daha bir hücumçu transfer etmişik. Yuri Fomenko komandanın hücum gücünü artırmalıdır.

- Mövsümün ikinci hissəsində komandanı çox çətin oyunlar gözləyir. Sizcə, “İnter” liderliyini qoruyub saxlaya və 3-cü dəfə çempion titulunu qazana biləcək?
- Bunun üçün bizim potensialımız var: savadlı məşqçilər korpusu, yaxşı futbolçu heyəti və oyun tərzi. Düşünürəm ki, “İnter” 1-ci yeri qoruyub saxlaya bilər. Aydındır ki, mövsümün ikinci hissəsi daha kompromissiz olacaq. Ancaq nəzərimcə, biz bu tempi saxlaya bilərik. Çempionatın ilk hissəsində komandamız öz potensialını göstərdi. Bizə məqsədimizə doğru irəliləmək və lazımı xalları qazanmaq lazımdır.