Sxadadzedən minnətdarlıq
04.02.2013 - 09:30
Sxadadzedən minnətdarlıq
Türkiyə toplanışını başa vuran "İnter"in rəhbərliyi hazırlıqların nəticələrinə dair yekun görüş keçirib. Apasport.az saytının məlumatına görə, komandanın baş məşqçisi Kaxaber Sxadadze toplanışın yekunları barədə qısa məruzə edərək 24 gün davam edən toplanış ərzində böyük iş görüldüyünü bildirib.

Gürcüstanlı mütəxəssis toplanış çərçivəsində keçirilən yoxlama matçlarında nümayiş etdirilən komanda oyununa görə hər bir futbolçuya minnətdarlığını bildirib. O, komandanın qarşısında böyük hədəflər dayandığını və "İnter"in hər bir üzvünün bu məqsədə doğru can atmalı olduğunu qeyd edib.

Komandanın direktoru Natiq Məmmədov toplanışın uğurla başa çatdığını vurğulayıb və Premyer Liqanın ikinci hissəsində keçiriləcək qarşılaşmalarda məşqçilər korpusuyla yanaşı, hər bir futbolçuya müvəffəqiyyətlər arzulayıb.

Qeyd edək ki, "İnter" "Şəfa" stadionunda fevralın 6-da toplaşacaq.

Mənbə: inter.az