“Qəbələ”nin yeni müdafiəçisi: Bu klub həmişə ürəyimdə qalacaq
04.02.2013 - 15:25
“Qəbələ”nin yeni müdafiəçisi: Bu klub həmişə ürəyimdə qalacaq
“İstərdim ki, karyeramda yüksəlişə görə “Dinamo” klubuna təşəkkürümü çatdırım. Klub rəhbərliyinə ona görə minnətdaram ki, mənim başqa kluba keçidimi anlayışla qarşıladı”. Apasport.az saytının məlumatına görə, bunu “Qəbələ”nin yeni transferi Kristian Pulhak deyib.

Buxarest “Dinamo”sunun ən qiymətli futbolçularından sayılan Pulhak “Qəbələ”də baxışda olanlardan yeganə futbolçu oldu ki, yoxlama oyununa çıxmadan məşqdəcə elə Ramiz Məmmədov tərəfindən bəyənildi. Çıxdığı ilk yoxlama oyunu olan “Volın”la matçda isə müdafiəçi olmasına baxmayaraq, səviyyəsini ortaya qoydu və ilk qolun ötürməsini verdu.

Pulhak ölkəmizdə 200 min avro, üstəlik bonus olaraq 100 min avro alacaq. Bunu artıq çoxdandır ki, rumıniyalı həmkarlarımız iddia edir. Futbolçu vətənində verdiyi açıqlamasında 11 il məxsus olduğu Buxarest “Dinamo”sundan klubun maliyyə durumuna görə ayrıldığını təəssüflə qarşılayıb: “Dinamo” məni oyunçu, insan kimi formalaşdırdı. Bu klub həmişə ürəyimdə qalacaq. Mən burda titullar qazandım, avrokuboklarda, yığmada çıxış etdim. Heç vaxt azarkeşlərimizi unutmayacam. Ümid edirəm ki, karyeramı bu klubda bitirəcəm”.

Qeyd edək ki, Pulhak 2002-ci il martın 23-də UMT-ni səfərdə 3:0 hesabı ilə məğlub etdikləri oyunla “Dinamo”da debüt edib. 2002, 2007-ci illərdə ölkə çempionluğunu, 2005, 2012-ci illərdə ölkə kuboku və superkubokunu qazanan Kristian Rumıniya çempionatında 166 oyun keçirib və 2 qola imza atıb. 3 dəfə millisinin formasını geyinən müdafiəçi avrokuboklarda 33 oyunda meydanda olub və 2 dəfə fərqlənib.