“Futbolçu yoldaşlarımın üstünə qışqırıram”
04.02.2013 - 17:24
“Futbolçu yoldaşlarımın üstünə qışqırıram”
“Yoxlama oyunlarının nəticəsi əsas olmasa da, məşqçilər komandanın, futbolçuların hansı durumda olmasını görə bilir. Tez bir zamanda oyunumuzda çatışmayan cəhətləri aradan qaldırmalıyıq”. Apasport.az saytının məlumatına görə, bunu “Kəpəz”in qapıçısı Xəyal Zeynalov deyib.

“Sumqayıt”la yoxlama görüşündə gəncəlilərin heyətində meydanda olanlar arasında Xəyal Zeynalov inamlı çıxışı ilə seçilib. İkinci hissədə oyuna daxil olan qapıçı “Kəpəz”i bir neçə epizodda qoldan xilas etməklə diqqət mərkəzinə düşüb.

Zeynalov klubunun rəsmi saytına matç və çıxışı haqda fikirlərini bölüşüb: “Hamımızın məqsədi “Kəpəz”i düşdüyü ağır vəziyyətdən çıxarmaqdır. İnşallah, bunun da öhdəsindən gələrik. Öz çıxışıma gəlincə, onu deyə bilərəm ki, hər dəfə meydana çıxanda komandama bütün bacarığımla kömək etməyə çalışıram. Düşünürəm ki, “Sumqayıt” ilə görüşdə üzərimə düşən işin öhdəsindən müəyyən qədər də olsa, gələ bildim. Qapıçılar inamlı çıxış edəndə digər mövqe futbolçuları da ürəkli oynayır. Oyunda futbolçu yoldaşlarımın üstünə qışqırmaqla onları mübarizəyə səsləyirəm”.

Qeyd edək ki, “Dalğa-Arena”da keçirilən “Kəpəz” – “Sumqayıt” oyunu “kimyaçılar”ın minimal hesablı qələbəsi ilə başa çatıb. Yeganə topu Gəncə klubunun sabiq futbolçusu Sabir Allahquliyev vurub.