Fabio Kapello: Şatov çox maraqlı gənc oyunçudur
07.02.2013 - 03:44
Fabio Kapello: Şatov çox maraqlı gənc oyunçudur
“Bilirəm ki, uşaqlar hələ tam hazırlıqlı deyillər. İndi oyunu optimal vəziyyətdən 70-75 faizlə qiymətləndirəcəyəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan milli komandasının DÇ-2014-ün seçmə mərhələsindəki rəqibi olan Rusiya yığmasının baş məşqçisi Fabio Kapello deyib. O, İslandiya ilə (2:0) ilə qarşılaşmadan sonra mətbuat konfransı keçirib.

İtaliyalı mütəxəssis komandasının oyunundan razı qaldığını vurğulayıb:

“Bununla belə, bu matç əhəmiyyətli yoxlama oyunu idi. İslandiya yaxşı rəqibdir. Onlar bizi işləməyə məcbur etdilər. Mən futbolçularımdan razıyam. Çünki oyunçular islandiyalıların öhdəsindən gəldilər. Həmçinin mən şadam ki, hazırlığın beş günü ərzində, biz heç bir zədə ilə üzləşmədik. Hətta klublara təşəkkür etmək istəyirəm. Çünki onlar oyunçuları vaxtından əvvəl düşərgəyə buraxdılar”.

Təcrübəli çalışdırıcı futbolçularla bağlı fikirlərini də bildirib: “Şatov çox maraqlı gənc oyunçudur. Belə gənclərin beynəlxalq matçlarda oynaması əhəmiyyətlidir. Mən futbolçulara ayrılıqda qiymət vermək istəmirəm. Çünki onlar müxtəlif vəziyyətlərdə olurlar”.
0