“Azərbaycandan gələn təklif gözlənilməz oldu” - MÜSAHİBƏ
07.02.2013 - 13:30
“Azərbaycandan gələn təklif gözlənilməz oldu” - MÜSAHİBƏ
19 yaşadək qızlardan ibarət Azərbaycan yığmasının yeni ispaniyalı baş məşqçisi Patrisia Qonzalesin apasport.az saytına müsahibəsi

- Əvvəlcə özünüz haqda məlumat verərdiniz..
- 1987-ci ildə Madriddə anadan olmuşam. Futbolçu kimi Madrid komandalarında çıxış etmişəm. Bir müddət futzal komandasında da oynamışam. 16 yaşında isə “Rayo Valekano”ya keçdim. 2004-cü ildən başlayaraq 4 mövsüm komandanın formasını geyindim. Oynadığım müddətdə Madrid yığmasının da üzvü olmuşam. Amma belimdəki zədə karyeramı erkən başa vurmağıma səbəb oldu.

- Bəs məşqçi kimi nə vaxtdan fəaliyyət göstərirsiniz?
- Hələ 17 yaşında olanda “Rayo Valekano”nun kiçik yaşlı oğlanlardan ibarət komandasına məşq keçirdim. 2009-cu ildən isə klubun U-13 qızlar komandasına rəhbərlik etdim. Növbəti il rəhbərlik U-16 komandasını çalışdırmağımı istədi. 2011-ci ildə isə “Rayo Valekano”nun üçüncü, bir il sonra isə ikinci komandasının baş məşqçisi, habelə adıçəkilən klubun qadınlardan ibarət bütün yaş qrupları üzrə komandalarının koordinatoru vəzifəsində çalışdım.

- U-19 yığma komandamızın baş məşqçisi postuna dəvət almağınız sizin üçün gözlənilməz olmadı?
- Çox gözlənilməz, eyni zamanda sevindirici oldu. Bu özümü sübut etməyim üçün əla şansdır. Çalışacağam ki, mənə bəslənən ümidləri doğruldum.

- Azərbaycanda gördükləriniz sizdə hansı təəssüratlar yaratdı?
- Hələ ki, AFFA-nın əməkdaşları ilə tanış olmuşam. Mənə qarşı münasibət əladır. Şəhəriniz haqda isə xoş sözlər söyləyə bilirəm. Hiss olunur ki, Bakı sürətlə inkişaf edir.

- Rəhbərlik edəcəyiniz komandanın əksər üzvləri ötən il Azərbaycanda keçirilən FİFA U-17 dünya çempionatında iştirak ediblər. Onların oyunlarınız izləmisinizmi?
- İnternet vasitəsilə bütün oyunları izləmişəm. Bundan başqa, federasiyadan bütün lazımi məlumatları əldə etmişəm. Eyni zamanda, komandanın keçirdiyi yoldaşlıq və rəsmi matçların hamısının diskləri mənə təqdim edilib. Həmin oyunları bir daha izləyəcəm.

- Məşqçi karyeranızda ilk dəfə milli komanda çalışdırırsınız. Qarşınıza qoyulan məqsədə nail ola biləcəksinizmi?
- Əlimizdən gələni edəcəyik ki, Avropa çempionatının final mərhələsinə vəsiqə qazanaq. Azərbaycanda qadın futbolunun tarixi qədim olmasa da, biz onu inkişaf etdirməyə çalışacağıq.

- Köməkçi-məşqçilər kimlər olacaq?
- İspaniyalı Rikardo da Silva fiziki hazırlıq üzrə köməkçim olacaq. Siyasət Əsgərov da məşqçilər korpusunda yer alacaq.

- İş planınız hazırdırmı? Komanda ilə tanışlığa nə vaxt başlayacaqsınız?
- Sentyabrda rəsmi oyunlarımız start götürəcək. Həmin müddətə qədər bütün hazırlıq planımız məlumdur. Komanda üzvləri fevarlın 8-də bir araya toplaşacaq və ilk məşqimizi keçəcəyik. Təbii ki, ölkə xaricində də toplanışlar keçirməyi planlaşdırmışıq.

- Qızlar liqasının oyunlarını izləməyi düşünürsünüzmü?
- Əlbəttə, izləyəcəm. Əvvəlcə U-17 və U-19-un üzvlərini bir yerə toplayıb qarışıq heyətlə 2 oyun keçirəcəyik. Bu tanışıq üçün ediləcək. Ola bilsin, oyunlardan birini aşağı yaşlı oğlanlardan ibarət komandalardan birinə qarşı da keçirək. Liqaları isə daim nəzarətdə saxlayacağıq.

- Ötən il 17 yaşadək qızlardan ibarət komandalar arasında ölkəmizdə keçirilən dünya çempionatını İspaniya KİV-i necə işıqlandırdı?
- İspaniyada qadın futbolu ilə bağlı kifayət qədər internet saytları var. Onlar daim baş verənlər, eləcə də yeniliklər haqda məlumatlar yayırlar. Konkret dünya çempionatına gəldikdə, mundial haqda ancaq müsbət məqalələr yazırdılar. Hər kəs təşkilatçılığın yüksək səviyyədə olduğunu qeyd edirdi.

- İspaniyanın qadın futbolu haqda hansı məlumatları verə bilərsiniz?
- İspaniyada qadın futbolunun tarixi qədimdir və böyük inkişaf yolu keçib. Bizdə liqalar 13 yaşlılar arasında başlayır. Ancaq bəzi klublar var ki, hətta onların 7-8 yaşlı qızlardan ibarət komandaları da var. Lakin həmin yaşda olan uşaqlar arasında liqa keçirilmir. Onlar oğlanlarla birgə oynayırlar. Madriddə 60-dan artıq U-13 qızlar komandası var. Həmin komandalar meydana çıxarkən heyətlərində 7 futbolçu olur. Qaydalar belə müəyyənləşdirilib. U-13-dən sonra U-16 gəlir. Federasiya onlara heyətlərində yaşca özlərindən böyük olan 3-4 futbolçuya şans verməyə icazə verir. Çünki düşünürlər ki, kiçik yaşlı futbolçular belədə daha tez inkişaf edəcəklər. Bir məsələni də qeyd edim. İspaniyada 11 yaşlı oğlanlarla qızlar bir komandada oynaya bilərlər. U-16-dan sonra isə böyüklərin yarışı başlayır. Bizdə 2 liqa var. Yığmalara gəldikdə, fikrimcə, 17 yaşadək qızlardan ibarət yığmamızın çıxışını daha uğurlu hesab etmək olar. Onlar iki dəfə - 2009/10-cu və 2010/11-ci il mövsümlərində Avropa çempionu olublar.