“Yaqodina” – “Qəbələ”, “Rəvan” – “Yaqodina”
12.02.2013 - 18:50
“Yaqodina” – “Qəbələ”, “Rəvan” – “Yaqodina”
Sağ cinah oyunçusu Nikola Valentiçin “Qəbələ”yə satılması ilə Serbiyanın “Yaqodina” klubu müdafiədə problemlə üzləşib. Apasport.az saytının məlumatına görə, klub həmin mövqeyə Milan Milinkoviçi cəlb etsə də, bu futbolçu çox gəncdir və təcrübəsinə görə Valentiçin yoxluğunu unutdurmur.

Bununla belə, bosniyalı baş məşqçi Simo Kruniç hədəflərinin dəyişməz olduğunu və Serbiya çempionatında medallardan birini hədəflədiyini bildirib. Bunun üçün “Rəvan”dan qış fasiləsində ayrılan Frensis Bosman heyətə cəlb olunub. Artıq qanalı dayaq yarımmüdafiəçi ilə 1,5 illik müqavilə bağlanılıb. 28 yaşlı futbolçu yeni klubunun Antalyada keçirdiyi “Kayrat”, “Pohan Stilers”, “Kuban” və “Terek”lə matçlarda iştirak edib.

Qeyd edək ki, bu klubda çıxış edən daha bir futbolçu bizə tanışdır. Müdafiəyəmeylli yarımmüdafiəçi Qoran Qoqiç ötən ay “Qəbələ”nin Antalya toplanışında baxışda olsa da, “İnqolştadt 04”lə oyunda bəyənilməyərək geri göndərilmişdi.