Heç-heçələr gecəsi
14.02.2013 - 01:36
Heç-heçələr gecəsi
Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinin növbəti 2 oyunu keçirilib. Apasport.az saytının məlumatına görə, futbolsevərlərin səbirsizliklə gözlədiyi matç “Santyaqo Bernabeu” stadionunda baş tutub.

Belə ki, turniri qazanmağa ən şanslılar arasında olan “Real”la “Mançester Yunayted” ilk oyuna çıxıb. Komandaların hücum futboluna üstünlük vermələri baxımlı oyun vəd edirdi.

Elə hər iki tərəf də matça qarşılıqlı hücumlarla başlayıb. Qarşılaşmada birinci qolu isə qonaqlar vurub. 20-ci dəqiqədə Uelbek meydan sahiblərini mərkəzdən başlamağa məcbur edib. Lakin qoldan 10 dəqiqə keçməmiş Ronaldo sabiq komandasını cəzalandırıb. Fasiləyə 1:1 hesablı bərabərliklə yollanan tərəflər, ikinci hissədə də bir neçə qol vəziyyətləri yaradıb. Amma qapını dəqiq nişan alan olmayıb.

Beləliklə, Aleks Ferqyussonun yetirmələri cavab qarşılaşması öncəsi səfərdən sərfəli nəticə ilə qayıdıb – 1:1.

Ukraynada keçirilən matç da az maraq kəsb etmirdi. Hər halda, qrupda inamlı çıxış edən “Şaxtyor”un Almaniyanın son 2 ildə çempionu olan Dortmund “Borussiya”sı ilə sınaqdan necə çıxacağı maraqla gözlənilirdi.

Bu oyunda da tərəflər meydandan sülhlə ayrılıb. Lakin “Real” - “Mançester Yunayted” görüşündən fərqli olaraq, komandalar hərəyə 2 dəfə fərqlənib - 2:2. Bu cütün taleyinə isə cavab matçında aydınlıq gələcək.

12 fevral
“Valensiya” (İspaniya) – PSJ (Fransa) - 1:2
Qollar: Rami, 90 - Lavezzi, 10, Pastore, 43

“Seltik” (Şotlandiya) – “Yuventus” (İtaliya) - 0:3
Qollar: Matri, 3, Marçisio, 77, Vuçiniç, 83


13 fevral
“Real” (İspaniya) – “Mançester Yunayted” (İngiltərə) - 1:1
Qollar: Ronaldo, 30 - Uelbek, 20

“Şaxtyor” (Ukrayna) – “Borussiya” (Dortmund, Almaniya) - 2:2
Qollar: Srna, 31, Kosta, 68 - Levandovski, 41, Hummels, 87