Ruslan Abışov “Xəzər Lənkəran”a qayıdır?
13.02.2013 - 12:13
Ruslan Abışov “Xəzər Lənkəran”a qayıdır?
Azərbaycan millisinin müdafiəçisi Ruslan Abışovun “Rubin”ə keçməsi variantı ortaya çıxanda çoxları sevindi. Hər halda, kim istəməz ki, 25 yaşlı futbolçumuz karyerasını Çempionlar Liqasının qrup mərhələsində “Barselona”nı möhtəşəm “Nou Kamp” stadionunda məğlub etməklə məşhurlaşan komandada davam etdirməsin.

Əslində, hələ ötən yaydan gündəmdə olan bu transfer bir az ertələnmişdi. İyulda “Xəzər Lənkəran”la yenicə müqavilə bağlayan Ruslan 4 gün Avstriyada hazırlıq keçən Kazan təmsilçisinin düşərgəsində olduqdan sonra geri qayıtdı. “Rubin”in də həmin vaxt “ağ-yaşıllar” kimi Tirol vilayətində toplanışında olması lap yerinə düşmüşdü. Müdafiəçi cənub təmsilçisində 6 ay oynadıqdan sonra “Rubin”ə keçmək istəyirdi.

O vaxt bu keçidin real olmadığını düşünənlər də az deyildi. Ancaq “Rubin”in baş məşqçisi Kurban Berdıyev “Neftçi” ilə Avropa Liqasının oyunları zamanı Ruslanı bəyəndiyini deməsi gələcəyə nikbin baxmağa əsas verirdi. Abışov qış fasiləsi başlayan kimi “Xəzər Lənkəran”dan ayrılıb, “Rubin”in düşərgəsinə yollanmağı ilə məsələnin qapanmadığını göstərdi. Bundan sonra bir məsələ qalırdı: müqavilə imzalayıb, keçidi rəsmiləşdirmək.

Ancaq təəssüf ki, məhz elə bu məsələnin hələ də həllini tapmamağı çoxlarını intizarda saxlayır. Üstəlik, Berdıyev və digər klub rəsmiləri geniş müsahibələrində futbolçumuzdan bir kəlmə belə danışmırlar. Bu da daha çox narahatçılığa əsas verir. Maraqlıdı, əgər kazanlılar həqiqətən də millimizin futbolçusunu transfer etmək istəyirlərsə, bəs niyə onun adını çəkmirlər?

Adətən hansısa işin həlli uzananda, yaxşı şey vəd etmir. Təbii, biz də ötən ilin ən yaxşı futbolçusu seçilən Abışovun belə aqibətlə üzləşməyini istəmirik. Ancaq fakt odur ki, həm müdafiənin, həm də yarımmüdafiənin mərkəzində çıxış edə bilən oyunçu artıq bir şansını əldən verib. Söhbət onun Avroliqanın həlledici mərhələsində oynamaq imkanından gedir.

Kazanlıların 1/16 finalda rəqibi son illərdə 2 dəfə bu turniri qazanan Madrid “Atletiko”sudur. Fakt odu ki, “Rubin” UEFA-ya təqdim etdiyi iştirak ərizəsinə daxil etdiyi futbolçular arasında Ruslanın adını göstərməyib.

Bununla işi bitmiş də saymaq olmaz. Çünki Rusiyada çempionat martda start götürəcəyindən “transfer pəncərəsi” hələ açıqdı. Ancaq Abışovun transferi həmin vaxt da baş tutmasa belə, yalnız bir variant qalır: “Xəzər Lənkəran”a qayıtmaq. Çünki ölkəmizdə “transfer pəncərəsi” artıq bağlanıb və futbolçunun yalnız müqavilə ilə məxsus olduğu kluba qayıtmaqdan başqa yolu qalmır. O başqa məsələ ki, Ruslan çoxdandır komanda ilə birgə hazırlıqda iştirak etmir, qış təlim-məşq toplanışını keçməyib və bu, futbolçuya əlavə çətinlik yaradır.

İstənilən halda, ümidimizi itirməyək. Ancaq reallıq odur ki, “Rubin” qış fasiləsində komanda ilə birgə hazırlıqda tam iştirak etməyən futbolçudan cari mövsümdə çətin yararlana. Buradan belə qənaətə gəlmək olar ki, kazanlılar millimizin üzvü ilə müqavilə bağlayıb, onu oyun praktikası qazanmaq məqsədilə hansısa kluba icarəyə verə bilər. Bu məsələni isə “transfer pəncərəsi”nin bağlanmağına qədər həll etmək lazımdır.