“Rəvan”ın legioneri: Onlar dünyaya səs saldılar
13.02.2013 - 17:18
“Rəvan”ın legioneri: Onlar dünyaya səs saldılar
“Hazırkı məqamda ilk növbədə kubok haqda düşünməliyik. Çünki burdan avrokuboklara düşmək üçün real şans var”. Apasport.az saytının məlumatına görə, bunu “Rəvan”ın yarımmüdafiəçisi Mindauqas Kalonas deyib.

Litvalı futbolçu klubun saytına verdiyi müsahibəsində ölkə kubokunu düşünməli olduqlarını bildirib. Ancaq o, çempionatdan da avrokuboklara qatıla biləcəklərinə inanır: “Çempionatı da unutmamalıyıq. Hətta ilk "altılığ”a düşməsək belə, ruhdan düşmək olmaz. İndi qarşıdakı oyunların hamısına yalnız qələbə qazanmaq istəyi ilə çıxmalıyıq. Riyazi cəhətdən hələ ilk "altılıq” şansı qalır. 2 faizlik şans qalsa belə, onun ardınca qaçmaq lazımdır. Sona qədər vuruşmaq, uğura inanmaq lazımdır. İnam olmasa, heç nə əldə etmək olmaz. Məsələn, kim deyə bilərdi ki, 2004-cü ildə Yunanıstan millisi Avropa çempionu olacaq? Ancaq onlar özləri buna inandı və bütün dünyaya səs saldı”.

Qeyd edək ki, Kalonas son turda “Turan”a qarşı debüt etmiş, 70-ci dəqiqədə meydana daxil olan futbolçu az sonra baş zərbəsi ilə Kamal Bayramovun qoruduğu qapıya yol tapmışdı.