“Dəmiryolçular”ın səviyyəsi
14.02.2013 - 09:32
“Dəmiryolçular”ın səviyyəsi
Çempionlar Liqasının II pley-off mərhələsində “Azərreyl” (Azərbaycan) - “Yamamay” (İtaliya) oyununun ən yaxşısı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Bakı təmsilçisinin 3:0 qalib gəldiyi, ardınca “Qızıl set”də uduzduğu matçın qəhrəmanları Maren Brinkerlə Kristina Bauer olublar.

Onlar “loteriya”da hərəyə dəqiq 4 xal toplayıblar. “Azərreyl”in heyətində isə “Qızıl set”də fərqlənən olmayıb. Karolina Vensink, Manon Flier və Meqan Hodj hərəyə 2 xal qazanıblar.

Oyuna gəlincə, İtaliya çempionu əsas vaxtda uduzsa da, Anna Kozuç ən məhsuldar oyunçu seçilib. Busto Arsizioda 17 xal toplayan hücumçu Bakıda 14 dəfə xal sevinci yaşayıb.

“Azərreyl”də fərqlənən isə Meqan Hodj olub. O, rəqibi 13 dəfə məyus edib. Alessandro Çiappininin digər yetirmələrindən Karolina Vensink 10, Sara Anzanello və Manon Flier hərəyə 9, İndre Sorokayte 4, Milena Radeçka və Rikka Lehtonen hərəyə 3 xal yığıblar.

Qeyd edək ki, “Azərreyl” ötən il də “Dördlər finalı”nın bir addımlığında büdrəmişdi.