“Şalke” “Qalatasaray”a qarşı ikinci heyətlə oynayacaq
19.02.2013 - 09:15
“Şalke” “Qalatasaray”a qarşı ikinci heyətlə oynayacaq
“Şalke” Çempionlar Liqasının (ÇL) 1/8 final mərhələsində “Qalatasaray”la ilk oyuna ciddi itkilərlə çıxacaq. Apasport.az saytının məlumatına görə, Almaniya təmsilçisində baş məşqçi vəzifəsini icra edən Yens Keller sabahkı səfər matçında 8 futbolunun xidmətindən yararlana bilməyəcək.

Belə ki, İbrahim Afellay, Atsudo Uçida, Kiriakos Papadopulos, Çiprian Marika, Kristof Morits, Lars Unnerstall zədədən sonra bərpa prosesi keçir. Kiyev “Dinamo”sundan icarəyə götürülən Rafal ÇL-də artıq oynadığından, meydana çıxa bilməz.

“Şalke”nin əsas hücumçusu Klaas-Yan Huntelaarın İstanbulda meydana çıxacağı sual altındadır. Belə ki, hollandiyalı bombardirin 10 gün öncə sol gözündə qan axmağı olub və ona istirahət veriləcək.

Qeyd edək ki, “Şalke” hazırda Almaniya çempionatında uğursuz çıxış edərək, qış fasiləsindən sonra keçirdiyi 5 oyunda cəmi 1 qələbə qazanıb.