Vidadi Rzayev: Adam düz danışmaq istəmir – MÜSAHİBƏ
20.02.2013 - 13:48
Vidadi Rzayev: Adam düz danışmaq istəmir – MÜSAHİBƏ
“Kəpəz”in sabiq məşqçisi Vidadi Rzayevin apasport.az saytına müsahibəsi

- Bir ildən artıqdır işsizsiniz. “Kəpəz”dən ayrılandan sonra təklif almamsınız?
- Yox. Elə məşqçilərimiz var ki, məndən də çox işsiz qalıblar. Mehman Allahverdiyev 8 il, Yunis Hüseynov uzun müddət işləmədi.

- Vaxtilə ölkənin ən yaxşı futbolçulardan birinin məşqçi kimi unudulub, heç kimə lazım olmaması sizin üçün gözlənilməz deyil?
- Məşqçi həyatı belədir də.... Futbolçu olanda rəqabətdən həmişə qalib çıxdığımı bilirdim. Ancaq məşqçilikdə hələlik şans verən yoxdur. Versəydilər, özümü sübut edərdim. Ancaq dəvət yoxdu, tarixi yaddan tez çıxardırlar.

- Belə tez unudulmağı necə qarşılayırsınız?
- Futbolçu kimi müəyyən xidmətlərim olub. Ancaq təəssüf ki, belə tez unudulursan. Mən bunu düzəldə bilmərəm axı... Nə bilim, sualınıza cavab verməkdə çox çətinlik çəkirəm.

- İşsiz qaldığınız müddətdə yalnız ailə problemlərinin həlli ilə məşğulsunuz?
- Bəli. 2 qızım var. Biri Gəncə Pedaqoji İnstitutunda oxuyur, digəri isə ali məktəbə hazırlaşır.

- Maliyyə cəhətdən korluq çəkmirsiniz ki?
- Allaha şükür, dolanırıq. Heç kim acından ölməyib (gülür).

- Belə çıxır ki, vaxtilə futbolçu kimi qazandıqlarınız indi xərcləməklə məşğulsunuz...
- Futbolumuza böyük pullar son vaxtlar gəlib. Onda da karyeramın sonu idi. Yaxşı ki, axırlarda az da oynayıb qazandım. Yəni, 2003-cü ilin əvvəlində Kazbek Tuayevin dəvəti ilə “Neftçi”yə qayıtdığım vaxt. Nə qazandımsa, onda qazandım. Bundan əvvəl futbolda pul vardı ki? Milli ilə 14 günlük təlim-məşq toplanışına gedirdik, 50-60 dollar pul verirdilər. Klublar da onun kimi idi.

- Hazırda Göygöldə yaşayırsınız. Yenə ova gedirsiniz?
- Əlbəttə. Kənddə yaşayıram, kənarda qala bilmədim. Bakıda, Göygölün mərkəzində evim var, ancaq ən xoşuma gələn yer buradır. Ev tikmişəm, kəndə həyatı mənim üçün darıxdırıcı deyil, əksinə, xoşdur.

- Bəs ölkə çempionatı sizdə hansı təəssürat oyadır?
- Bildiyiniz kimi, “Neftçi” Avroliqanın qrup mərhələsində oynadı və buna sevindik. İnşallah, bu il 2-3 klubumuz qrupa düşər. Çempionat keçən il necə idisə, indi də elə. 1-2 komandadan xoşum gəlir.

- Hansılar?
- “Neftçi” və “İnter” seçilir. “Qəbələ” təlim-məşq toplanışından qayıdandan sonra yaxşı oynayır. Son turda “İnter”ə uduzsalar belə, xoşuma gəldi.

- Sözlərinizdən belə çıxır ki, çempionluq mübarizəsi “İnter” və “Neftçi” arasında gedəcək?
- Mən bura “Qarabağ”ı da daxil edirəm.

- “Altılıq”dan kənarda hansı komanda qalacaq?
- Əsas mübarizə “Qəbələ”, “Xəzər Lənkəran” və “Bakı” arasında gedəcək və hamısının şansı var. “Qəbələ”yə qələbə hava-su kimi lazımdır və 2 oyunundan birində qalib gəlməlidir. Məncə, bu komandanın şansı daha çoxdur. Fikrimcə, “Xəzər Lənkəran” Qəbələdə uduzsa, “altılığ”a düşə bilməyəcək. AZAL-ın şansı az da olsa var.

- Bəs sabiq komandanız, futbolçu karyeranızın ən yaxşı illərini keçirdiyiniz “Kəpəz”in son pillədə getməyini necə dəyərləndirərdiniz?
- Adam “Kəpəz” haqda çox danışmaq istəmir. Danışırsan, pis olursan. Düzünü deyirsən, xətirlərinə dəyir. Buna görə adam düz danışmaqdan qaçır. Nə deyim, hamısı göz qabağındadır.

- Uzun illər birgə oynadığınız Mahmud Qurbanov məşqçilikdə ilk addımlarını “Kəpəz”də atdı. Sizcə, Qurbanov bu komandaya gedişi ilə özünü “yandırdımı”?
- “Yandırdı” deyəndə ki, hardasa məşqçiliyə başlamalı idi. 20 oyundan 9 xal toplayıblar. Mahmud komandanı götürənə qədər 3 məğlubiyyətləri vardı. Yəni, ümumi hesablayanda hardasa 44 xal itiriblər. Əlbəttə, yaxşı nəticə deyil. Özü də “Kəpəz” kimi komandaya sonuncu yerdə getmək həqiqətən yaraşmır.

- Vəziyyətdən necə çıxa bilərlər?
- Hansı dəyişiklik etmək lazım olduğunu məndən yaxşı bilirlər. Nə rəhbərlik, nə də Qurbanov mənimlə əlaqə saxlayıb.

- Məşqçilər dəyişsə də, vəziyyət dəyişmir. Bəlkə problem rəhbərlikdədir?
- Rəhbərliyin getməyi vacib deyil. Əsas odur futbola baxışları dəyişsin.

Mehman SÜLEYMANOV
0