Fariz Nəcəfov: “Altılığ”a da düşəcəyik, kuboku da götürəcəyik - MÜSAHİBƏ
20.02.2013 - 14:30
Fariz Nəcəfov: “Altılığ”a da düşəcəyik, kuboku da götürəcəyik - MÜSAHİBƏ
“Qəbələ” klubunun vitse-prezidenti Fariz Nəcəfovun apasport.az saytına müsahibəsi

- Premyer Liqanın XX turunda “İnter”lə oyunda qələbə sizə çox lazım idi. Ancaq 3 xalı qazana bilmədiz...
- Özünüz də gördünüz ki, futbolçular 3 xal üçün əllərindən gələni etdilər. Digər tərəfdən, qələbə qazana bilməməyimizdə bəxtsizlik rol oynadı. “İnter”in vurduğu hər 2 qol xüsusi kombinasiyanın nəticəsi deyildi. Həmin epizodlarda kobud səhvlərə yol verdik. Qələbəyə layiq biz idik. Ancaq çox təəssüf ki, buna nail ola bilmədik.

- Doğrudan da, ilk yarıda meydan sahiblərindən üstün olan tərəf “Qəbələ” idi. Ancaq birinci hissədə lazım olan qələbə topunu vura bilmədiz. Oyunu tribunadan canlı izləyən şəxs kimi deyə bilərsiz, komandada qol vurmaq üçün nə çatışmır?
- Dediyim ki, idman şanssızlığı, bəxtsizliyi ilə üzləşdik. Fərqlənməyimiz üçün bəxt amili çatmadı. Bu isə futbolda olan şeydir.

- Bundan öncəki turda “Qarabağ”la oyunda isə qələbəni əldən verdiniz...
- Həmin qarşılaşmada yaxşı görünən tərəf “Qarabağ” idi. Rəqib komanda daha çox topla rəftar edirdi. İlk oyun idi, üstəlik, Vurğun Hüseynov uzun müddətdən sonra sıraya qayıtmışdı deyə, komandada çatışmazlıq hiss olunurdu. “İnter” oyunu ilə bu görüşü müqayisə etmək olmaz.

- Demək olarmı ki, Qəbələdə keçirilən qarşılaşmada oyunun ədalətli nəticəsi elə heç-heçə idi?
- Bəli, demək olar.

- Hazırda 5-ci sıradasız. İlk “altılığ”a düşmək şanslarınız öz əlinizdə olsa da, “Xəzər Lənkəran” və “Bakı” ilə müqayisədə sizin növbəti 2 turda daha çox xal itirmək ehtimalınız var...
- Vallah, ilk “altılığ”a düşmək üçün hər şey öz əlimizdədir. Digər komandaların nəticələri də bizi maraqlandırmır. Hazırda bütün diqqətimizi növbəti turda “Xəzər Lənkəran”la keçiriləcək qarşılaşmaya yönəltmişik. Mənə elə gəlir ki, artıq bu turda məsələni həll etmək olar. Çünki öz meydanımızda oynayırıq. Sözsüz ki, “Xəzər Lənkəran” da güclü rəqibdir və Qəbələyə 3 xal üçün gələcək. Ancaq həmin oyunda məsələ həll olunmalıdır.

- Üstəlik, AZAL-ın bu tur ilk “altılıq”da oynamayacağı dəqiqləşsə, təsnifat mərhələsinin son turunda bu komanda sizin önünüzə motivasiyasız çıxacaq. Bu amil haqda düşünmüsüzmü?
- Hər halda, istərdim ki, AZAL ilə oyuna kimi “Xəzər Lənkəran”ı yenib məsələni tam rəsmiləşdirək. Niyə görə işimizi sonrakı tura saxlayaq ki?

- Futbolda hər bir nəticə qeydə alına bilər. Birdən ilk “altılığ”a düşməsəz, hədəflər nə olacaq?
- Bu haqda belə olandan sonra danışarıq.

- Təbii ki, belə olan halda Avroliqaya düşmək üçün diqqətlərinizi kubok matçlarına yönəldəcəksiz...
- İnşallah, ilk “altılığ”a da düşəcəyik, kuboku da götürəcəyik.

- Martda millinin təxminən 2 həftəlik toplanışı nəzərdə tutulub. Artıq “Neftçi” və “Qarabağ” rəsmiləri futbolçularının uzun müddətə klubdan ayrı qalacağına görə narazılığını mətbuata bildirib. Bu baxımdan sizin mövqeyiniz necə olacaq?
- “Neftçi” və “Qarabağ”ı başa düşmək olar. Həmin klublar çalışır ki, həm ölkədaxili, həm də ölkəxarici yarışlarda nəticə qazansınlar. Ancaq bizdə hazırda millidə oynayacaq futbolçuların sayı o qədər də çox deyil. Yalnız Vurğun Hüseynovla Anar Nəzirova dəvət gəlir. Bu üzdən bizdə narahatçılığa əsas yoxdur. Ancaq tərəfdarıyam ki, millinin toplanışı nəzərdə tutulan vaxt klublarla razılıq əldə olunsun. Hamı yığma üçün çalışır. Ancaq millinin baş məşqçisi də, AFFA rəhbərliyi də klubları başa düşməlidir. Düşünürəm ki, bu məsələ qarşılıqlı şəkildə həll olunsa, daha yaxşı olar.

Səbuhi TOFİQOĞLU