Venger əsəbiləşdi, Foqts yada düşdü
20.02.2013 - 15:23
Venger əsəbiləşdi, Foqts yada düşdü
Çempionlar Liqasının 1/8 final mərhələsinin “Arsenal” - “Bavariya” matçından sonra baş verən olay Azərbaycan yığmasının baş məşqçisi Berti Foqtsu yada salıb. Apasport.az saytının məlumatına görə, London təmsilçisinin fransalı çalışdırıcısı Arsen Venger 1:3 hesablı məğlubiyyətdən üzülərək, final fiti səslənən kimi birbaşa paltardəyişmə otağına yollanıb.

Yəni, təcrübəli mütəxəssis görüşdən sonra rəqib baş məşqçi, almaniyalı həmkarı Yupp Haynkesə yaxınlaşaraq, onu qələbə münasibətinə təbrik etməyib.

Buna diqqət yetirən almaniyalı həmkarlarımız bir vaxtlar Foqtsun hərəkətini xatırladaraq, Vengeri onunla müqayisə edib.


Belə ki, Almaniya mətbuatında yazılana əsasən, Foqts Bundestimə rəhbərlik etdiyi zaman 1998-ci ildə dünya çempionatının 1/4 final mərhələsində Xorvatiya yığmasının baş məşqçisi Miroslav Blajeviçin əlini sıxmaqdan boyun qaçırıb. Onda xorvatiyalılar 3:0 hesablı qələbə sayəsində Foqtsun 8 il çalışdırdığı, Avropa çempionluğu qazandırdığı Almaniya yığmasından istefaya göndərilməsinə səbəbkar olub.