“Hər dəqiqə hücuma qoşulsam, hamıdan çox qaçaram” - MÜSAHİBƏ
22.02.2013 - 16:12
“Hər dəqiqə hücuma qoşulsam, hamıdan çox qaçaram” - MÜSAHİBƏ
Milli komandanın və “Neftçi”nin müdafiəçisi Mahir Şükürovun apasport.az saytına müsahibəsi

- Sabah “İnter”lə qarşılaşacaqsız. Oyuna hazırlıqlar necə gedir?
- Bu görüşə də digər matçlar kimi hazırlaşırıq. Çünki bu qarşılaşmaya həddən çox ciddi yanaşsaq, yana bilərik. Məşqlərimiz yüksək səviyyədə gedir. 2 zədəli oyunçumuz var. Tərlan Quliyevlə Bruno Bertuççi zədəlidir. Bununla belə, hər şey qaydasındadır. Sabahkı oyun çempionluq uğrunda çox vacib görüşdür. İstəyirik ki, qələbə qazanaq. Çünki buna borcluyuq.

- İtaliya “İnter”i ilə oyuna həddən çox məsuliyyətlə yanaşmızdız. Nəticədə Bakıda qapınızdan 3 top buraxdız. Bakı “İnter”i ilə matça adi görüş kimi yanaşıb məsuliyyətdən doğan həyəcanla qarşılaşmaq istəmirsiz?
- Təbii ki. Bu oyuna məsuliyyətlə yanaşsaq, həddən çox aqressiv ola bilərik. Bu isə bizi yandıra bilər. Ona görə də bu görüşə adi matç kimi yanaşdığımızı dedim. Amma bu 3 xal bizə ona görə lazımdır ki, “İnter”dən 2 xal fərqi ilə geridəyik. Bu komandaya qalib gəlsək, ilk “altılığ”a lider kimi başlayacağıq. Çünki son turda bizim “Turan”la, “İnter”in isə “Qarabağ”la oyunu var.

- Cari mövsüm “İnter”lə artıq ilk oyununuz olub. Həmin matçda hesabı siz açsaz da, fasilədən sonra qapınızda qol gördüz. Həmin oyundan lazımi dərsi çıxarmısız?
- İlk oyunu heç-heçə oynasaq da, qarşılaşmanı səfərdə keçirmişdik. Müdafiə xəttində də bəzi səhvlərimiz vardı. Mən isə başqa mövqedə çıxış edirdim. Çalışacağıq ki, bu dəfə həmin oyunda buraxdığımız səhvləri təkrarlamayaq.

- Həmin oyunun təhlilini aparmısızmı?
- Təhlil bu gün aparılacaq. Öz meydanımızda oynayacağıq. Bunun da öz üstünlüyü var. Çünki biz toplanışı Türkiyədə təbii ot üzərində keçmişik. Ancaq bura gələndən sonra ardıcıl 3 matçı süni örtükdə oynamışıq.

- “İnter”in özəlliyi nədədir?
- Bu komandanın özəl cəhəti kollektiv oyuna, taktiki gedişlərə üstünlük verməsidir. Deyə bilməzsən ki, orda xüsusi bir oyunçu var ki, güclüdür. Çünki “İnter” kollektiv halında çox güclüdür. Kaxaber Tsxadadze öz taktikasını komandaya yeridə bilib. Hücum zamanı komanda şəklində irəli gedirlərsə, müdafiə zamanı da komanda şəklində arxaya qayıdırlar. Ona görə də bu komandaya qol vurmaq çox çətindir. Qol vurduqdan sonra bütün komanda şəklində oturur müdafiəyə və başlayır əks-hücumlara üstünlük verməyə.

- Siz 2 dəfə ayrı-ayrı vaxtlarda “İnter”in şərəfini qorumusuz. Həmişə bu komandaya qarşı oynayarkən xüsusi bir hisslər keçirirsiz?
- Bu komandanın çörəyini yemişəm. Ona görə də “İnter”ə qarşı aqressiyam ola bilməz. Ona görə də başdan demişəm ki, bu oyuna da adi matç kimi hazırlaşmışam. Onlara qarşı xüsusi prinsipim yoxdur. Onsuz da bu komandaların hamısına qarşı mübarizə aparmalıyıq.

- Biz yaxşı mənada xüsusi hisslərini soruşurduq...
- Əlbəttə ki, bu baxımdan xüsusi hisslər keçirirəm. Çünki əvvəl oynadığın komandaya qarşı mübarizə aparırsan. Bu, futbolçu həyatıdır. Peşəkar futbolçu 1-2 ildən sonra klubunu dəyişə bilər. Keçmişi arxada qoymaq, irəliyə baxmaq lazımdır.

- AZAL ilə oyunun göstəricilərinə əsasən meydanda 10664 metr qaçmışdın. Bu dəfə rəqibin “İnter” olduğunu nəzərə alanda, daha çox qaçmalı olacaqsız...
- “İnter”ə qarşı matçda nə gücün varsa, ortaya qoymalısan. Ona görə də doğrudan da çox qaçmalı olacağıq.

- Araz Abdullayevdə bu göstəricinin 12 min metrə yaxın olduğu bildirilir. Bu qarşılaşmada göstəricini 11 minə qaldıra biləcəksiz?
- Bilirsiz necədir? Araz yarımmüdafiəçi, mən isə müdafiəçiyəm. Məşqçilər heyəti mənə çox qaçmağa icazə vermir. Çünki mənim öz tapşırığım var, müdafiəni qorumalıyam. O isə yarımmüdafiəçi olduğundan, irəli və qabağa qaçmağa məcburdur. Araz və ya Vobay kimi yarımmüdafiəçi deyiləm. Onlar kimi hər dəqiqə hücuma qoşulsam, hamıdan çox meydanda qaçan mən olaram (gülür).

Səbuhi TOFİQOĞLU