“Xəzər Lənkəran”ın tək “Neftçi”yə qalib gəlməsi ilə iş bitmir ki...” – MÜSAHİBƏ
22.02.2013 - 17:25
“Xəzər Lənkəran”ın tək “Neftçi”yə qalib gəlməsi ilə iş bitmir ki...” – MÜSAHİBƏ
“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev mətbuat konfransı keçirib. Apasport.az saytının məlumatına görə, təcrübəli çalışdırıcı jurnalistlərin “İnter”lə oyunöncəsi fikirlərini cavablayıb.

- “İnter”lə oyun haqda fikirlərinizi bildirərdiz...
- Çox əhəmiyyətli oyundur. Qələbə qazanıb lider olmaq istəyirik. Layiqli rəqiblə üz-üzə gələcəyik. “İnter”in çox səviyyəli baş məşqçisi və oyunçuları var. Ancaq hazırda ölkəmizdə “İnter”in rəqibi təkcə “Neftçi”dir. Mən bununla fəxr edirəm.

- Bu mətbuat konfransına Kaxaber Tsxadadze gəlmədi. Buna münasibətiniz necədir?
- Ola bilər ki, məşqçinin başı qarışıq olub. Ola da bilər ki, komandasını taktiki cəhətdən hazırlaşdırırmış. Bu, normal bir şeydir. Gəlin, bunu mürəkkəbləşdirməyək. Ona həmkar kimi hörmət edirəm. Onsuz da meydanda Tsxadadze ilə üz-üzə gələcəyik.

- Bu dəfə nəsə ehtiyatlı danışırsız. Bu nə ilə əlaqədardır?
- Mənim xasiyyətimdə heç nə dəyişilməyib. Yenə öz sözümü deyirəm. Məndə hər şey maşın kimi irəli gedir. Nə əyləcim var, nə də ki arxaya gedirəm. Həmişə irəli doğru gedirəm. Hər şeydən vacib odur ki, sabah ölkə futbolu üçün çox vacib matç baş tutacaq.

- “İnter” ən az qol buraxan komandadır. Bu rəqibə qol vurmaq sizə çətin olmayacaq ki?
- Unutmayın ki, “İnter” ən az qol buraxan komanda olsa da, biz də ən çox qol vuran komandayıq. Bundan başqa, Nikolas Kanales kimi “silah”ımız var ki, o da çempionatın bombardiridir. Onun arxasında Flavinyo, Rəşad, Araz, Vobay kimi yarımmüdafiəçilər. Rəşad Sadiqov Milan “İnter”inə 30 metrdən qol vura bilirsə, niyə o Bakı “İnter”inə 50 metrdən qol vurmamalıdır ki? Bunu etməsə, mənim qoçum deyil. Bizdə belə bir məsəl var: Nə tökərsən aşına, o da çıxar qaşığına. Məşqlərin bəhrəsini görürük. Gözəl ifaçılarımız var. “İnter” isə ağıllı oynayan, daha çox müdafiəyə fikir verən komandadır. Ancaq bizim üçün bu, fərq etmir. Rəqibə açıq futbol təklif edəcəyik. Mənim dövrümdə “Neftçi” qapalı futbol oynamayıb, heç vaxt da belə oynamayacaq. Özüm necə futbol oynamışamsa, komandam da elədir.

- Necə düşünürsüz, çempionluq uğrunda mübarizə “İnter”, “Neftçi” və “Qarabağ” uğrunda gedəcək?
- Bunu heç kim öncədən proqnozlaşdıra bilməz. Futbol səhvlər, sürprizlər oyunudur. Kim səhv edirsə, o da qol buraxır. Sadəcə olaraq, bizim ən böyük bəlamız komandaların qruplaşması ilə bağlıdır. Bu haqda növbəti həftənin əvvəlində açıqlama verəcəm. Əslində isə kim güclüdürsə, o da qalib gəlməlidir. Heç kim deyə bilməz ki, “Neftçi”nin qruplaşmalarda əli var. Bu, mümkün deyil. O vaxt lənkəranlı azarkeşlər deyirdi ki, kimə uduzuruqsa uduzaq, tək “Neftçi”yə yenilməyək. Hə, “Neftçi”yə qalib gəldilər, ancaq digər komandalara uduzdular. Yalnız “Neftçi”yə qalib gəlməklə iş bitmir ki....Hazırda lənkəranlıların ilk “altılığ”a düşməsi sual altındadır. Ümumiyyətlə, “altılığ”a iddiaçıların taleyi öz əlində deyil.

- Mübarizə aparan komandalardan hansıların ilk “altılıq”da olmasını istərdiz?
- “Qəbələ” və AZAL-ın. Çünki hər iki komandanı yerli məşqçilər çalışdırır. “Xəzər Lənkəran” və “Bakı”ya isə gəlmələr rəhbərlik edir. Bunu ona görə deyirəm ki, milliyətçiyəm. İlk növbədə yerlilərə üstünlük verirəm. Çünki əcnəbi çalışdırıcı hələ ilk “altılığ”a düşməyi rəsmiləşdirməyibsə, onu indidən yola salmaq daha yaxşıdır... Böyükağa Hacıyevdən 2 dənə olsaydı, onları bir-birinə qarşı qoyub savaşdırardıq. Bundan 55 il sonra Böyükağa Hacıyev kimisinin gəlib-gəlməməsini zaman göstərəcək.