Nikolas Kanales: Ümid sonda ölür
23.02.2013 - 22:05
Nikolas Kanales: Ümid sonda ölür
“Biz qələbə qazanmaq istəyirdik. Bunu bacardığımıza görə, çox şadam”. Bu sözləri apasport.az saytına “Neftçi”nin hücumçusu Nikolas Kanales deyib.

Bu gün Topaz Premyer Liqası çərçivəsində baş tutan oyunda “İnter” üzərində 2:0 hesabı ilə qələbə qazanan “Neftçi”nin forvardı oyunda hesabı açıb. Bununla da o, vurduğu qolların sayını 20-yə çatdırıb. Oyun haqda fikirlərini bildirən Kanales rəqibin də kifayət qədər güclü olduğunu vurğulayıb: “Bu gün “İnter”i tək mən yox, komandamız üstələdi. Bu uğurda bütün komanda yoldaşlarımın əməyi danılmazdır”.

O, taktiki planda daha yaxşı oynadıqlarını da sözlərinə əlavə edib: “İlin ən yaxşı oyununu oynadıq. Düşünürəm taktiki cəhətdən bu gün çox üstün idik. Bəlkə də çempionatda ən yaxşı oyunumuzu keçirdik”.

Futbolçu rəqibin hesabı açana qədər müdafiəyə qapanmasının onlar üçün çətinlik yaratmadığını deyib: “İnter” hər zaman müdafiədən oynayır. Ancaq güclü rəqibdir”.

Əvvəllər Çili yığmasına dəvət edilsəniz də, son zamanlar unudulmusunuz. Ardıcıl qollar vurursunuz. Bu yenidən Çili yığmasına yolunuzu aça bilərmi sualına forvardın cavabı qısa olub: “Ümid sonda ölür”.