“Azərbaycanda ikinci belə futbolçu yoxdur”
24.02.2013 - 03:00
“Azərbaycanda ikinci belə futbolçu yoxdur”
“Neftçi”nin prezidenti Sadıq Sadıqovun apasport.az saytına müsahibəsi

- Oyun haqda nə deyə bilərsiniz?
- “İnter” ən güclü klublardan biridir. Komandanın öz dəst-xətti, tanınmış baş məşqçisi var. Kaxaber Sxadadze neçə ildir “İnter”in baş məşqçisidir və komandası hər zaman iddialı olub. “Neftçi” bütün çətinliklərə baxmayaraq, qələbə qazandı.

- “Neftçi”dən bu cür oyunu gözləyirdinizmi?
- Tarixi vərəqləsək görərik ki, “Neftçi” güclü komandalarla oyunlarda hər zaman səviyyəli futbol nümayiş etdirib. Oyundan əvvəl konkret hesab deyə bilməzdim. Ancaq hər 2 komandanın yaxşı futbol nümayiş etdirəcəyini gözləyirdim. “İnter” müdafiə taktikasına üstünlük vermişdi. Hücum futbolu oynasaydılar, hesab fərqli də ola bilərdi.

- Hesab ikinci hissədə açıldı. Bu sizdə hansısa həyəcan yaradırdımı?
- Mən çox həyəcanlı adamam. Hesabın gec açılması da çox həyəcan yaratmışdı. Uşaqlara təşəkkür edirəm ki, çox gözəl qələbə qazandılar. “Neftçi”nin adı çox haqsız yerlərdə hallanır. Böyükağa müəllim mətbuat konfransında demişdi ki, “Neftçi” bu gün təkdir. Onun sözünə dəstək olaraq deyirəm ki, “Neftçi” doğrudan da təkdir. Komandanın heç kimin köməyinə ehtiyacı yoxdur. “Neftçi” tək olaraq da çempion olacaq.

- “Neftçi” liderliyə yüksəldi. Çempionluğun yaxınlaşdığını söyləmək olarmı?
- Növbəti turda “Turan”la qarşılaşacağıq. Bütün rəqiblərimizi yüksək dəyərləndiririk. Əgər “Turan”ı məğlub edə bilsək, ilk “altılığ”a 2 xal üstünlüyü ilə başlayacağıq. 2 xal az olsa da, komandanın şanslarının artması deməkdir.

- Necə fikirləşirsiniz, “Neftçi” hazırda gücünə görə də təkdir?
- Hər şey göz qabağındadır. Bəzi insanlar buna qısqanclıqla yanaşır. Ancaq mən hər bir klubumuzun uğuruna sevinmişəm, yenə də sevinirəm. Arzum budur ki, gələn il avrokubokların qrup mərhələsində ölkəmizi ən azı 3 komanda təmsil etsin. Buna çox sevinərəm. Bu gün “Neftçi” meydanda güclü rəqibinə qarşı əla futbol nümayiş etdirdi və gücünə görə tək olduğunu sübut etdi.

- Nikolas Kanalesin çıxışı haqda nə düşünürsüz?
- Kanales təkdir, Azərbaycanda 2-ci belə futbolçu yoxdur. Siz görürsünüzsə, mənə deyin.