“Xəzər Lənkəran” yeni baş məşqçi ilə bağlı fasilədə qərar verəcək
26.02.2013 - 12:39
“Xəzər Lənkəran” yeni baş məşqçi ilə bağlı fasilədə qərar verəcək
“Xəzər Lənkəran”da baş məşqçi postu bir müddət boş qalacaq. Klubun vitse-prezidenti Tuyqun Nadirov apasport.az saytına açıqlamasında ispaniyalı Karles Martorell Bakesin istefa verməsindən sonra komandanın köməkçilərinə tapşırıldığını bildirib. Belə ki, Bakesin əsas köməkçisi olan həmyerlisi olan Erik Roketa işini davam etdirəcək.

Nadirovun Roketanın digər məşqçi Emin Quliyevlə birgə komandanı hazırlayacağını bildirib: “Bildiyiniz kimi, qarşıdakı 1 həftədə 3 vacib oyunumuz var. Bunlar Azərbaycan kubokunun 1/4 final mərhələsində “Rəvan”la matçlar və çempionatın təsnifat mərhələsinin son turunda “Sumqayıt”la oyundur. Həmin matçlarda komandanı Roketa ilə Quliyevin yer aldığı məşqçilər korpusumuz hazırlayacaq. Bundan sonra isə millinin oyunları ilə əlaqədar çempionatımızda uzun müddətli fasilə olacaq. Həmin vaxt yeni baş məşqçi məsələsi ilə bağlı qərar verəcəyik. İstəyirik ki, bu vəzifəyə gətirəcəyimiz mütəxəssis indidən gələn mövsümün hazırlıqlarına başlayaraq, komanda qursun”.

Qeyd edək ki, lənkəranlıların bundan əvvəlki baş məşqçisi Yunis Hüseynov istefa verərkən də Roketa-Quliyev dueti bir müddət komandanı oyunlara hazırladı.

Mehman SÜLEYMANOV