“Qalmağım heç nəyi dəyişməyəcəkdi”
26.02.2013 - 14:01
“Qalmağım heç nəyi dəyişməyəcəkdi”
“Xəzər Lənkəran”ın baş məşqçi postundan istefa verən ispaniyalı Karles Bakesin apasport.az saytına müsahibəsi

- Təbii ki, ilk olaraq istefanızla bağlı fikirlərinizi bilmək istərdik...
- Mən bura gəlmişdim ki, komandanın oyun dinamikasını dəyişim, yaxşı nəticələr qazanım. Ancaq futbolda hər şey istədiyin kimi olmur. Nəticələr heç də uğurlu olmadığı üçün istefamla bağlı rəhbərliklə razılığa gəldik. Mən də istəmədim ki, komandamın çıxışı belə davam eləsin. Buna görə rəhbərliyə istefamı təklif etdim ki, bəlkə mənim gedişim komandaya başqa cür xeyri olar.

- Qarşıdakı 3 vacib oyununuz var. Bunlar Azərbaycan kubokunda 2 matç və çempionatda “Sumqayıt”la oyundur. Əslində, “Xəzər Lənkəran”ın “altılığ”a düşməyə nəzəri şansı var. Belə olan halda, 3 oyundan sonra getmək daha məqsədəuyğun olmazdı?
- Biz “Qəbələ” ilə oyundan sonra rəhbərliklə oturub danışdıq. Belə qərara gəldik ki, getməyim üçün ən münasib vaxt elə indidir. Çünki eyni dinamika ilə davam eləsəydik, mən komandanın başında qalsaydım, bəlkə də nəsə dəyişməzdi. Düşünürəm ki, mənim indidən vəzifəmdən getməyim komandada yaxşılığa doğru dəyişiklərə, komanda üzvlərinin reaksiyasına səbəb olaraq, müsbət nəticələrə gətirib çıxaracaq. Mən komandanı daha çox düşündüyüm, belə uğursuzluqları qəbul etmədiyim üçün indi istefa verməyi məqsədəuyğun saydım. Fikrimcə, bu, “Xəzər Lənkəran”ın çıxışına öz müsbət təsirini göstərə bilər.

- “Xəzər Lənkəran”ın tarixinə uğursuz baş məşqçi kimi düşdünüz. Çünki komanda yaranandan “altılıq”dan kənarda qalmaqla bağlı belə real üzləşməmişdi. Olmazdımı ki, bu postu qış fasiləsindən öncə təhvil verərdiniz? Çünki komandanı yuxarı səviyyəyə aparmağa gücünüz çatmadığını hiss etdiniz...
- Bilirsiniz, fasilədən əvvəl heyətlə bağlı bəzi çatışmazlıq vardı. Buna görə fasilədə komandaya yeni futbolçular qoşmaqla daha uğurlu nəticələr qazanmağı gözləyirdik. Ancaq düşündüyümüz olmadı.

- Uğursuzluğun əsas səbəbini nədə görürsünüz?
- Təəssüf ki, futbolda heç də hər şey istədiyin kimi olmur. Fikrimcə, hər şeyin uğurlu olmağı üçün əlindən gələni elədim. Ancaq vəziyyət belə alındı və buna qarşı bir söz deyə bilmərəm. Düşünürəm ki, yeni ilə qədər komanda uğurlu trayektoriya cızmaqda idi. “Xəzər Lənkəran”da əzmkarlıq yaranmışdı, daha baxımlı oyun nümayiş etdirirdi. Buna misal olaraq “Simurq”la oyunu göstərə bilərik. Matçın gedişində hesabda 0:2 geridə, 1 nəfər azlıqda ola-ola komanda 1 xal qazanmağı bacardı. “Qarabağ”la oyunda da daha yaxşı oyun nümayiş etdirdik, bəxt tərəfimizdə olmadı, çoxlu qol imkanlarından istifadə edə bilmədik. Ancaq təəssüf ki, fasilədən sonra nəticələr istədiyimiz kimi olmadı. “İnter”lə matçda ilk hissəni uğursuz keçirdik. Fasilədən sonra az da olsa özümüzə bənzəməyə çalışdıq. Ancaq yekun nəticə bizim üçün ürəkaçan olmadı. “Turan”la oyunda nisbətən bəzi çatışmazlıqları aradan götürsək də, növbəti oyunda “Qəbələ” ilə matçda məğlubiyyət məni rəhbərliklə istefa haqda danışmağa sövq etdi.

- Belə çıxır ki, Bakes məğlub durumda olan ordunu qoyub qaçan generala bənzədi?
- Yox, mən belə düşünməzdim. Çünki mənim qalmağım artıq bir şeyi dəyişməyəcəkdi. Əlimdən gələni edirəmsə, komanda uğursuz nəticələr qazanmaqda davam edirsə, belə səviyyəli, bu qədər azarkeşi olan “Xəzər Lənkəran”ın uğursuzluğa düçar olmaqdansa, gedişim komandaya nəsə bir oyanış gətirsin. Bəlkə mən öz gedişimlə kömək edə bilərəm. Vəziyyətin dəyişiləcəyinə ümid edirəm. Bilirəm ki, bu komandada çətin vəziyyətdən çıxacaq güc var. Əgər bilsəydim ki, qalmağımla vəziyyət müsbətə doğru dəyişəcək, işimi davam edəcəkdim. Ancaq belə vəziyyətdə komandaya kömək etmək baxımından, uğursuzlara reaksiya vermək baxımından getməyim daha məqsədəuyğun idi. Rəhbərliklə qarşılıqlı razılıqla əsasında bu fikrə gəldik. Rəhbərlik çox təkid eləsəydi, bəlkə mən fikrindən daşına bilərdim. Düşünürəm ki, getməyim “Xəzər Lənkəran” üçün daha yaxşı olacaq.

- Komandanızın “Bakı” ilə “altılıq” mübarizəsində şansını necə dəyərləndirərdiniz?
- Futbol sürprizlər, gözlənilməzliklə doludur. Buna görə də hər şeyin baş verəcəyini görə bilərik. Ola bilsin ki, “Bakı” yalnız qələbə qazanmaq təzyiqi altında oynayıb, heç-heçə, yaxud məğlubiyyətlə barışsın. O, uduzarsa, “Xəzər Lənkəran” heç-heçə edərsə, biz “altılığ”a düşəcəyik. “Bakı” heç-heçə oynayıb, biz qalib gəlsək, vəsiqəni qazanacağıq. Düzdür, belə götürəndə, şanslar o qədər də xeyrimizə olmasa da, futbolda biz çox gözlənilməzliklərin, sürprizlərin şahidi olmuşuq. Daha biri olarsa, təəccüblənməyə dəyməz.

- Sizi yerinizə gələcək baş məşqçiyə hansı tövsiyələri verərdiniz?
- Mənim yerimə gələcək mütəxəssisə heç bir məsləhət vermək istəməzdim. Düşünürəm ki, komandaya işini bilən, yetərincə təcrübəsi olan məşqçi gələcək və onda vəziyyətdən çıxış yolu tapmaq bacarığı olacaq. Köməkçilərim Erik Roketta ilə Emin Quliyev komandanı daha yaxşı tanıyırlar və növbəti oyunlarda uğur qazanmaq gücdədirlər.

- “Xəzər Lənkəran”da çalışdırdığınız 3 ay onun həyatında, karyerasında hansı iz buraxdı?
- Əlbəttə, insan məğlubiyyətlərdən, uğursuzluqlardan öyrənir, nəticə çıxarır. Mənim burdakı uğursuzluqdan çıxaracağım nəticə gələcəkdə məşqçilik karyeramda daha da inkişaf eləməyimə imkan verəcək. Təbii ki, burda olduğum müddətdə çox şeylər öyrəndim, yeni təcrübə qazandım. Düşünürəm ki, bu, irəlidəki karyeram boyu mənə kömək olacaq.

- Lənkəranlı azarkeşlərə son sözünüz...
- Onu da deyim ki, burdan lənkəranlı azarkeşlərə öz minnətdarlığımı bildirirəm. “Xəzər Lənkəran”ın möhtəşəm azarkeşlərinin mənə, komandaya olan isti münasibətini heç zaman unutmayacağam. Eyni zamanda klub rəhbərliyinə də öz təşəkkürümü bildirirəm. Onlar da mən olduğum bu müddətdə komandada hər hansı çatışmazlığın hiss edilməməyi üçün əllərindən gələni elədilər. Bundan sonra yaşıl rəngə könül vermiş, onu sevmiş daha bir insan artdı və həmişə “Xəzər Lənkəran”a azarkeşlik edəcəyəm.

Mehman SÜLEYMANOV