Ramazan Abbasov: İstəyirik ki, Lənkərana rahat şəkildə yollanaq - MÜSAHİBƏ
26.02.2013 - 15:11
Ramazan Abbasov: İstəyirik ki, Lənkərana rahat şəkildə yollanaq - MÜSAHİBƏ
“Rəvan”ın yarımmüdafiəçisi Ramazan Abbasovun apasport.az saytına müsahibəsi

- “Qarabağ”la oyundan sonra “Rəvan” rəhbərliyi gözlənilməz qərarı ilə gündəmi zəbt etdi. Qərar verildi ki, komanda növbəti mövsüm Premyer Liqada iştirakını dayandırsın. Bu qərara münasibətin necədir?
- Vallah, nə deyim. Bu haqda heç nə deyə bilmərəm. Rəhbərliyin öz fikridir.

- Klub rəhbərliyinin bu qərarını əslində başa düşmək olar. Çünki xərclənən pullar müqabilində komandanın hakimlər tərəfindən sıxışdırılması səbir kasasını daşırıb. Ancaq bu qərar bəzi futbolçuların klubsuz qalmasına səbəb olacaq. Nə dərəcədə düzgün yanaşmadır?
- Yeni yaranmış klubdur. İstəmərəm ki, “Rəvan” dağılsın. Bu klub gələcəyin komandasıdır. Gələcəkdə daha da inkişaf etmiş kluba çevrilə bilər. Bu üzdən istəmərəm ki, “Rəvan” kimi gənc komanda tez bir zamanda sözünü deməmiş dağılsın.

- Sabah “Xəzər Lənkəran”la kubok oyununa çıxacaqsız. Bu, avrokuboklar üçün son şansınızdır. Bu görüşə hazırlıqlar necə gedir?
- Hazırlıqları Bayılda keçirik. Allaha şükür, hər şey qaydasındadır. Evdə qələbə qazanmaq istəyirik. İstəyirik ki, Lənkərana rahat şəkildə yollanaq.

- “Bakı”da çıxış edərkən də “Xəzər Lənkəran”a qarşı çıxış etmisiz. Ağasəlim Mircavadovun dönəmində həmin klubda forma geymisiz. Bu kluba qarşı çıxış edəndə heç xüsusi hisslər keçirdiyin anlar olur?
- Xüsusi hiss deyəndə ki, həmin oyunlara adi gözlə yanaşıram. Bunlar hamısı keçmişdə qalıb. “Xəzər Lənkəran” yaxşı komandadır. Sadəcə olaraq, komandanın ilk “altılıq” şansı azdır. Ora düşməsələr, bu, faciə kimi qəbul olunacaq.

- Artıq ispaniyalı baş məşqçi Karles Martorell də istefa verdi...
- Bu haqda sizdən eşidirəm. “Xəzər Lənkəran”da qısa müddətdə 3-cü məşqçi dəyişikliyidir. Hər məşqçinin öz oyun üslubu var. Komanda hər yeni gələn məşqçinin oyun tərzinə uyğunlaşınca, çətinlik çəkir. Bu da komandaya müəyyən mənada təsir edir. Çox təəssüf edirəm ki, “Xəzər Lənkəran” kimi güclü klub hazırda ilk “altılıq”dan kənardadır.

- “Rəvan”dan “Bakı”ya keçərkən yəqin karyeranızın qısa müddətli alınacağını gözləmirdiz?
- Açığı, mən Novruz Əzimovun baş məşqçiliyi dönəmində o komandaya götürülmüşdüm. Ancaq Avroliqada məlum uğursuzluqdan sonra məşqçi dəyişikliyi oldu. Yeni gələn isə məni oynatmadı. 6-7 tur meydana hücumçu kimi çıxdım. Əlimdən gələni etdim. Sadəcə olaraq, Bakıda toplanışa yığışarkən eşitdim ki, Bojidar Bandoviç mənim göndərilməyimi deyib. Halbuki bunu mənim üzümə də deməliydi. Bunu saytlardan oxuyanda mənə pis təsir etmişdi. Ona görə də mənə bu məsələ hələ müəmmalı qalıb ki, necə olur ki, futbolçunun özünə məlumat verilmir, mətbuata deyilir. Bu haqda mənə deyilməliydi ki, vaxtında özümə klub tapım.

- Ancaq Türkiyəyə gedərkən bizə açıqlama vermişdiz ki, komandadan göndəriləcəyinizlə bağlı yazılanlar həqiqəti əks etdirmir...
- ...Özüm məşq zamanı Bandoviçdən soruşdum ki, niyə mənə göndərilməyimlə bağlı məlumat verməmisiz.

- O nə dedi?
- Heç nə. Gördüm ki, deməyə sözü yoxdur.

- Maraqlıdır ki, gedəcəyiniz deyilsə də, toplanışa aparıldız...
- Düzdür, Türkiyəyə getdim. Elə oldu ki, aparılası oldum. Ancaq Antalyada olarkən gördüm ki, “Bakı”da oynamaq şansım yoxdur. Zeynal müəllimlə (“Bakı”nın baş meneceri Zeynal Məmmədovu nəzərdə tutur – S.T.) danışdım, getmək istədiyimi dedim. Belə oldu və ayrıldıq.

- “Bakı”ya keçməyinizə görə peşman deyilsiz?
- Deməzdim, peşmançılıq hissi keçirirəm. Çünki mən ora Novruz müəllimin vaxtında getmişdim. Sadəcə olaraq, məşqçi dəyişikliyi üzündən hər şey belə oldu.

- Sonda buna da aydınlıq gətirərdiz. Deyilənə görə, Antalyada məşqçilər heyəti ilə futbolçular iclaslardan birinə gecikmisiz. Bu isə göndərilməyiniz üçün əsas olub...
- Yox, orda toplantı falan olmayıb. Dediyim kimi, sadəcə yeni məşqçinin planlarına uyğun gəlmədim.

Səbuhi TOFİQOĞLU