“Yeni məşqçi “Xəzər Lənkəran”ı 10 illiyində çempion etməlidir” – MÜSAHİBƏ
26.02.2013 - 16:19
“Yeni məşqçi “Xəzər Lənkəran”ı 10 illiyində çempion etməlidir” – MÜSAHİBƏ
“Xəzər Lənkəran”ın vitse-prezidenti Tuyqun Nadirovun apasport.az saytına müsahibəsi

- Klub rəhbərliyi ispaniyalı baş məşqçi Karles Bakesin istefasına necə şərh verərdi?
- Bu söhbət artıq 3 gündür - “Qəbələ” ilə oyunumuzdan sonra gedirdi. Baş məşqçimiz gəlib bizə getməklə bağlı fikrini söylədi. Dedi ki, elə bilirəm mənim gedişim “Xəzər Lənkəran”a daha xeyirli, faydalı olar. Biz baş məşqçi üçün ən azından əlimizdən gələn hər bir şəraiti yaratmışıq. Bu, rəhbərliyin işidir. Rəhbərlik çıxıb meydançada topu vura, futbolçunu oynada bilməz də. Bizim işimiz odur ki, məşqçi, futbolçu heyətinin özünü göstərməyi, bacardığını ortaya qoymağı üçün lazımı şərait yaratsın. Baş məşqçimizin gedişinin düzgün olub-olmadığını zaman göstərəcək.

- Bakesə ən azından qarşıdakı 3 vacib oyunda saxlamaq daha düzgün olmazdı? Bununla bağlı təkid etdiniz?
- Açığı, bir neçə gün öncə ona dedik ki, indi gedişin mümkünsüzdür. Baş məşqçi də bildirdi ki, bəlkə mənim getməyim növbəti oyunlara daha yaxşı təsir eləyər, nəinki qalmağım. Allaha şükür, bu gün ispaniyalı mütəxəssislə normal münasibətimiz var və onun rəhbərlik, komanda ilə heç bir problemi yoxdur. Sadəcə, adam getmək istədi. Onun qərarı ilk vaxt bizim üçün də gözlənilməz idi.

- O, bura gələnə kimi “Barselona”nın aşağı yaş qruplarından çalışıb. İspaniyalını klubunuzda saxlayıb, uşaq futbolunun inkişafına yönəltməyinizi özü istəmədi, yoxsa ümumiyyətlə, təklif etmədiniz?
- Mən deməzdim ki, o, İspaniyada sırf uşaq futbolunda çalışıb. Bakes yetərincə əvəzedici komandada, başqa divizion təmsilçilərində baş məşqçi olub. Onun peşəkarlığına, bacarığına, biliyinə şübhəmiz yoxdur. Bəlkə özü dediyi kimi, komandanı elə bir durumda götürdü ki, ümumi məğlubiyyətlərin bir hissəsini artıq almışdı. Misal üçün “Xəzər Lənkəran” 9 illik tarixində uduzmadığı “Sumqayıt”a, “Simurq”a yenildi, sonuncu pillədə olmamışdı. Bunlar özlərinə görə bir komandalardır. Söhbət ondan gedir ki, “Xəzər Lənkəran”la bu komandalarla oyunlarda öz xallarını qazanmalı idi. Qazansaydı, ən azı 30 xalı cibində vardı və indi ilk altılıqda idi. Əsas rəqiblərimizlə matçlarda qazandığımız nəticələri bunun üstünə gəlsək, indi “altılığ”a yox, çempionluğa oynayan komanda idik.

- Bakesin əsas uğursuzluğu nədə oldu?
- Komandamızın uğursuz çıxışının hamısını ispaniyalının üzərinə yıxmaq, bütün günahı onda görmək düzgün olmazdı. Bakesdən tələb olunan komandanı tez bir zamanda bu vəziyyətdən çıxardıb, nəticə göstərməyi idi. Komandada bir çox məsələlər var ki, bunun qısa müddətdə həllində ispaniyalının öz töhfəsi oldu. Buna misal olaraq yeni transfer sisteminin qurulmağını göstərə bilərik. Digər məsələlər də var ki, bunlar klub daxili olduğundan, açıqlamaq istəməzdim. Bakes nəzəri biliyi, futbol dünyagörüşü baxımdan Azərbaycanda çox klubların baş məşqçilərindən də üstündür. Bəlkə başqa zaman olsaydı, çalışdırıcımızın işi daha effekt verərdi.

- Belə demək olar ki, komandaya hələ bir müddət Erik Roketa ilə Emin Quliyev rəhbərlik edəcək?
- Komandamızı qarşıdakı 3 oyuna bu məşqçi korpusu çıxaracaq. Milliyə görə olacaq fasilə müddətində baş məşqçi məsələsi ilə bağlı qərar verəcəyik. Fikrimcə, elə bir addım atılmalıdır ki, gələn mövsümə işlər indidən başlansın. Çünki gələn il “Xəzər Lənkəran”ın 10 illiyidir. Bilmək olmaz ki, bu mövsüm hansı nəticə göstərəcəyik. İnşallah, Azərbaycan kubokunda da mübarizəni sona kimi davam etdirəcəyik. Bundan qabaqkı illərdə çempionatda ən pis nəticəmiz 2-ci yer olub ki, bu da normal bir şeydir. Ancaq “Xəzər Lənkəran”ın 10 illiyinə çox böyük planları var. Bunun üçün görülməli olan işlərin hazırlığına artıq indidən başlamaq lazımdır. Özü də bu, hərtərəfli olmalıdır.

- Yəni yeni baş məşqçinin qarşısında duran əsas vəzifə 10 illik yubileyi çempionluğu qeyd etmək olacaq...
- Bəli. Prezidentimiz, fəxri prezidentimiz – hamısının istəyi odur ki, “Xəzər Lənkəran”ın 10 illiyində çempionluğunu görək. Bu, tək çempionluq yox, klubun tarixində irəliyə doğru addımlar, yeniliklər olsun. Bizim də borcumuz bunu həyata keçirməkdir və bunun üçün əlimizdən gələni edəcəyik. “Xəzər Lənkəran”ın dalbadal qalibiyyətləri olsun – bu, 2011-ci ildən dayandı. Tariximizdə ən uğursuz dövr artıq bitməlidir. Məsələn, komanda sabiq baş məşqçimiz Yunis Hüseynovun rəhbərliyi altında ötən çempionatda gümüş medalçı oldu, tarixində ilk dəfə Avropada mərhələ adladı. Ancaq bu, “Xəzər Lənkəran”ı qane edə bilməz. On illiyimizdə bizi belə nəticə yox, artıq həm daxildə, həm də Avropada daha yüksək göstərici razı salacaq. Təbii ki, “Xəzər Lənkəran”ı gələcək baş məşqçi 10 illikdə komandaya çempionluğu yaşada bilməyi bacaran olmalıdır. Biz durub onu tələsdirə-tələsdirə ki, bu nəticəni verməlisən – yox, belə olmalı deyil.

Mehman SÜLEYMANOV