Əsl mübarizə indi başlayır!
26.02.2013 - 18:00
Əsl mübarizə indi başlayır!
Sabah Azərbaycan kuboku uğrunda ilk 1/4 final oyunları keçiriləcək. Apasport.az saytının məlumatına görə, turnirdə əsl mübarizə məhz bu mərhələdən başlayır. Yarısı paytaxtda, yarısı əyalətdə keçiriləcək matçlarda maraqlı, gərgin mübarizəyə şahid olmalıyıq. Hər halda, iştirakçılardan 5-i “altılığ”a vəsiqəni təmin edənlərdir. “Xəzər Lənkəran”la “Bakı” şansını saxlayaraq, qalan 1 vəsiqəyə iddiaçıdır.

Yalnız “Rəvan” ötən turda məğlubiyyətdən sonra şansını itirib. İndi onun Avropaya çıxmaq baxımından son şansı ölkə kubokundadır. Ancaq nəzərə alsaq ki, lənkəranlıların medallar uğrunda mübarizə aparmağı böyük sual altında olduğundan, əsas gücünü kuboka verəcək. Bu mənada çətin sınaq qarşısında qalan “Rəvan” evdə mütləq qazanmalıdır. Çünki onun Lənkəranda nəticə qazanmağı çox çətin olacaq.

“Qarabağ” son illərdə onun üçün arzuolunmaz rəqib olan “Qəbələ” ilə üzləşəcək. Ağdamlılar rəqibi üzərində son qələbəsini 2 il öncə hələ Toni Adamsın vaxtında qazanıb. Düzdür, “Qarabağ” ötən mövsümdə “Qəbələ”ni elə 1/4 finalda üstələyib. Ancaq fərq ondadır ki, Qurban Qurbanovun komandası buna səfər qolu sayəsində (Qəbələdə 2:2, Ağdamda 0:0) nail olub.

Paytaxt derbisinin iştirakçıları olan “Bakı” ilə “İnter”in də kubokda yolları kəsişib. Özü də “zolaqlılar” həmşəhərlilərini bu turnirdə bir qayda olaraq üstələyir. Çempionluğa oynayan “İnter”in mükafatçılardan biri olacağı şübhə doğurmursa, “Bakı”nın bu baxımdan şansı azdır. Buna görə də onun Avropaya ölkə kubokundan çıxmağı daha real sayılır.

“Neftçi” son 1 həftədə 2-ci dəfə Zaqatalaya səfər edib. “Simurq” üzərində çempionatda vacib qələbə əldə edən bakılılar bu dəfə kubokda ona qalib gəlməyə çalışacaq. Düzdür, bu mərhələdə qalib 1 yox, 2 oyunla müəyyənləşir. Yəni istənilən komandanın ilk oyunda məğlubiyyəti onun kənarda qalmağını hələ rəsmiləşdirməyəcək. “Neftçi” üçün Zaqataladan heç-heçə ilə qayıtmaq da münasib nəticə sayıla bilər.


27 fevral
15:00. “Qəbələ” – “Qarabağ”
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Munis Abdullayev, Elvin Əsgərov
Qəbələ. Şəhər stadionu

15:00. “Bakı” – “İnter”
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Knyaz Əmiraslanov, Orxan Məmmədov
Bakı. “Bakı”nın təlim-məşq bazasının stadionu

17:00. “Simurq” – “Neftçi”
Hakimlər: Fariz Yusifov, Elman Musayev, İsgəndər Əliyev, Ömər Paşayev
Zaqatala. Olimpiya İdman Kompleksinin stadionu

17:00. “Rəvan” – “Xəzər Lənkəran”
Hakimlər: Rauf Cabbarov, İlham Əliyev, Coşqun Həsənov, Ramil Diniyev
Bakı. “Bayıl Arena” stadionu