“Xəzər Lənkəran”ın nədən narazılıq etdiyini bilmirəm” – MÜSAHİBƏ
27.02.2013 - 13:09
“Xəzər Lənkəran”ın nədən narazılıq etdiyini bilmirəm” – MÜSAHİBƏ
Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevin apasport.az saytına müsahibəsi

- Son günlər səhhətinizdə yenidən problem yaranmışdı. İndi vəziyyətiniz necədir?
- Şükür Allaha, yaxşıyam. Problem arxada qaldı. İndi hər şey yaxşıdır.

- Çempionatın hesabat turu gərginliyi ilə yadda qaldı. “Xəzər Lənkəran” və “Rəvan” rəhbərliyi hakimlikdən narazı qalıblar. Necə düşünürsünüz, həmin komandaların iştirakı ilə keçirilən qarşılaşmalarda nəticəyə təsir edən hakim səhvləri olubmu?
- Hakimin qərəzli olmağından söhbət gedə bilməz. Bizim çempionatda qərəzli hakimlərə yer yoxdur. Ola bilsin “Rəvan” rəhbərliyi hirslənib. “Xəzər Lənkəran”ın isə hansı epizoddan narazılıq etdiyini bilmirəm. Qapımız bütün klub nümayəndələrinin üzünə açıqdır. Şikayət oldu-olmadı, hər turdan sonra gələ bilərlər. PFL tərəfindən çəkilən oyunlara yenidən baxılır. Əgər hakimin səhvi varsa, bu, Hakimlər Komitəsinə təqdim edilir.

- Bazar günü keçiriləcək oyunlarla çempionatın təsnifat mərhələsinə yekun vurulacaq. “Altılığ”a son vəsiqə uğrunda “Bakı” və “Xəzər Lənkəran” daha şanslıdır. Siz qarşıdakı turdan nə gözləyirsiniz?
- Bütün komandalara uğurlar arzulayıram. Maraqlı, gərgin çempionat keçir. Bir ölkədə 6 komanda çempionluğa oynayırsa, bu, futbolun inkişafından xəbər verir. İlk “altılıq” uğrunda 8-9 komanda mübarizə aparır. Ancaq 6-cı yerə “Xəzər Lənkəran” və “Bakı” ilə yanaşı, AZAL da iddia edir. Bu komandanın da “altılığ”a düşəcəyi istisna deyil. Fikir verirsinizsə, turdan tura nə qədər amil dəyişir. İnşallah, adi turlardan biri keçəcək. Kim hansı yerə layiq olacaqsa, ora da vəsiqə qazanacaq.

- Bundan sonra final mərhələsi başlayacaq. Bu zaman klublar hakim idarəçiliyindən daha çox narazı olacaqlar. Hakimlər psixoloji təzyiqə tab gətirə biləcəklər?
- Biz bundan da gərgin çempionat keçirmişik. Çətin bir şey görmürük. İnşallah, əvvəlki çempionatlar kimi yola verəcəyik.

- Hakimlikdən kənarlaşdırılan sabiq FİFA referisi Babək Quliyev “Xəzər Lənkəran”ın idman-direktoru vəzifəsinə təyin olundu. Bu, təyinatı necə qarşıladınız?
- Yəqin ki, səmimiliyimə inanırsınız. Babək Quliyevin işlə təmin olunmasına çox sevindim. O da insandır, yaşamalıdır, ailəsi var. Quliyevə uğurlar arzulayıram. İnşallah, “Xəzər Lənkəran” üçün düşərli olar. Futbolu bilən insandır. Təki “Xəzər Lənkəran”a xeyri dəysin, mən buna inanıram.

- AFFA prezidenti Rövnəq Abdullayev Konfransda çempionatla bağlı bir sıra yeniliklərin müzakirə ediləcəyini açıqlayıb. Legioner limitində gənc yerli futbolçulara məsələyə baxılacaq, yoxsa?
- Hələ söhbət gedir, indi açıqlamağa ehtiyac yoxdur. Hamısını açıqlasam, onda Konfransa maraq olmayacaq. Gəlin, Konfransı gözləyək.

- Yəni, nəsə var?
- (gülür) Əlbəttə var, görəcəyik.

Mehman SÜLEYMANOV