Premyer Liqada görünməmiş intriqa!
27.02.2013 - 15:16
Premyer Liqada görünməmiş intriqa!
Topaz Premyer Liqasında təsnifat mərhələsinin sonuncu turu ərəfəsində ilk “altılıq”la bağlı mürəkkəb vəziyyət yaranıb. 21 turdan sonra 5 komandanın 1-6, dördünün 7-12-ci yerlər uğrunda mübarizə aparacağı dəqiqləşib. 3 klub isə son turun ümidləri ilə yaşayır.

Apasport.az saytının araşdırmalarına görə, ardıcıl 4-cü dəfədir “altılıq” sistemi ilə keçirilən Premyer Liqada belə gərgin mübarizə heç vaxt yaşanmayıb. Əvvəlki 3 mövsümdə sonuncu tur indiki qədər həlledici xarakter daşımayıb.

Cari – 2012/13 mövsümündə “İnter”, “Simurq”, “Neftçi”, “Qarabağ” və “Qəbələ” artıq mükafatlar uğrunda yarışacağını dəqiqləşdirib. “Sumqayıt”, “Rəvan”, “Turan” və “Kəpəz” isə buna ümidini itirib.

Hərəyə 27 xalı olan “Bakı” və “Xəzər Lənkəran”, həmçinin 1 xal geridə qalan AZAL son turda yeganə xoşbəxti müəyyənləşdirəcək. Bu komandanın hətta şəxsi oyunların nəticəsinə əsasən bilinməsi də istisna deyil. Əvvəlki illərdə isə belə gərgin mübarizə, belə intriqa olmamışdı.

Ötən - 2011/12 mövsümündə təsnifat mərhələsinin son turunun dadı-duzu qalmamışdı. Formal xarakter daşıyan həmin turadək “İnter”, “Xəzər Lənkəran”, “Bakı”, “Neftçi”, “Qarabağ” və “Qəbələ” ilk “altılıq”da yerini təmin etmişdi. “Sumqayıt”, “Rəvan”, “Turan”, “Kəpəz”, AZAL və “Simurq” isə formal turda yalnız 7-12-ci yerlər uğrunda mübarizə üçün xal ehtiyatını artırmaq üçün çıxmışdı.

Ondan əvvəlki 2010/11 mövsümündə indiki kimi 5 klub son tura ilk “altılığ”ın təmsilçisi kimi çıxmışdı. Bunlar “İnter”, “Xəzər Lənkəran”, AZAL, “Neftçi”, “Qarabağ” idi.

MOİK, “Muğan”, “Turan”, “Gəncə” və “Simurq” isə 7-12-ci yerlərdən artığına ümid edə bilməzdi. Yalnız 2 komanda 33 xalı olan “Bakı” və 2 xal geridə olan “Qəbələ” XXII tura “altılıq” savaşı üçün qiyabi mübarizə aparmışdı.

Hər 2 klub son turda heç-heçə etdiyindən kənarda qalan qəbələlilər olmuşdu. Maraqlıdır ki, həmin vaxt matçlar eyni gündə baş tutmamışdı. “Bakı” AZAL-la paytaxt derbisində 1 xal qazanmaqla şəxsi oyunlardakı üstünlüyə görə vəsiqəni təmin etmişdi. 2 gün sonra meydana çıxan “Qəbələ” formal oyunda heç-heçə etmişdi.

2 il əvvəlki ssenari müəyyən qədər tanışdır. İndi də son vəsiqəyə iddialılar arasında favorit olan “Bakı” həmin vaxt da öndə idi. Amma indi 2 deyil 3 komanda iddiasını saxlayır. Yəni “Bakı”nın büdrəməsini 1 deyil, 2 komanda gözləyir. 2 il əvvəl üstünlüyünü saxlayan “Bakı”nın bunu bacarıb-bacarmayacağı isə martın 3-də bilinəcək.

2009/10 mövsümündə də 21 turdan sonrakı durum 2010/11-dəkinə bənzər idi: 5-i ilk, 5-i 2-ci “altılıq”da yerini təmin etmişdi. “İnter”, “Xəzər Lənkəran”, “Bakı”, “Neftçi”, “Qarabağ” mükafatlar uğrunda mübarizə aparacaqdı. “Karvan”, “Muğan”, “Turan”, “Standard” və “Olimpik Şüvəlan” isə buna ümidini itirmişdi.

XXII tur 33 xallı “Qəbələ” ilə 2 xal geridə olan “Simurq”un qiyabi mübarizəsi idi. Hər 2 komanda qalib gəldiyindən kənarda qalan zaqatalalılar oldu. Bir sözlə, hər 2 halda – 2009/10 və 2010/11 mövsümlərində intriqa 2 komanda arasında qalmışdı və hər ikisində üstünlük öndə olan komanda tərəfindən saxlanılıb.

Qeyd edək ki, son 4 mövsümdən başqa da “altılıq”la keçirilən çempionatlarımız olub. Lakin 1995/96, 1998/99 və 2001/02 mövsümlərində çempionat Premyer Liqa adlanmırdı.