Ruslan Abışov: “Zenit”ə qarşı oynaya bilərəm - MÜSAHİBƏ
27.02.2013 - 17:56
Ruslan Abışov: “Zenit”ə qarşı oynaya bilərəm - MÜSAHİBƏ
Milli komandamızın və “Rubin”in futbolçusu Ruslan Abışovun apasport.az saytına müsahibəsi

- “Rubin”in düşərgəsinə uzun müddətdir ki, qoşulmuşduz. Ancaq müqaviləni “transfer pəncərəsi”nin son günündə bağladız. Bunun səbəbi nə idi?
- Bu problem mənimlə bağlı idi. Çünki burnumdan əməliyyat olunmuşdum. Əməliyyatın nəticəsi ilə bağlı tibbi kağızlarım bir az gecikirdi. Gecikməyin də səbəbi komandanın toplanışlarda olması idi. Bu üzdən müqavilənin bağlanması son gündə gerçəkləşdi. Ancaq indi şükür Allaha, hər şey yaxşıdır.

- Belə bir problem klub həkimləri tərəfindən aşkara çıxarıldı, yoxsa özünüz bununla bağlı tibbi personala müraciət etdiz?
- Bunu klub həkimləri aşkara çıxardı. Mənə məsləhət görüldü ki, əməliyyat olunsam, özüm üçün daha yaxşı olar. Nəticədə Almaniyada əməliyyat olunmağa razılıq verdim.

- Bakıya gəlişinizin səbəbi nədir?
- Rubin”də hazırda futbolçulara 2 günlük istirahət verilib. Mən də bu müddətdən yararlanıb Bakıya gəldim. Məqsədim əşyalarımı toplamaqdır.

- Nə vaxt “Rubin”in düşərgəsinə dönəcəksiz?
- Sabah axşama artıq biletim var. Martın 1-də artıq komandamın hazırlıqları başlayır. Bunun üçün Antalyaya gedəcəyik.

- Antalyada yalnız məşq nəzərdə tutulub, yoxlama oyunu keçirilməyəcək ki?
- Klubun planlarını hələ dəqiq bilmirəm. Böyük ehtimalla, Bələkdə ancaq məşq keçəcəyik. Çünki “Levante” ilə martın 7-də oyunumuz var.

- Avroliqanın sifariş ərizəsinə adının salınmaması gec müqavilə bağlamağınla bağlıdır?
- Bəli, bununla bağlı idi. Çünki əməliyyat olunduğum üçün məşqlərə gec başladım, hazırlıqlı deyildim. Belə olduğundan, müqavilə bağlamağım da uzandı. Ancaq adım sifariş olunmasa da, İspaniyadakı oyuna mən də komanda ilə gedəcəm. “Levante” ilə oyundan sonra isə komanda ilə birgə Qroznıya qayıdacağıq.

- Qroznıda “Zenit”ə qarşı ilk turun oyunu var. Bu matçda sizin meydana çıxacağınızı gözləyək, yoxsa hələ tam hazırlıqlı deyilsiz?
- Buna qədər fərdi planda məşq edirdim. İnşallah, martın 1-dən komanda ilə kollektiv hazırlıqlarda iştirak edəcəm. Vaxtımı gözləyəcəm. Hazırda özümü oynamağa hazır hesab edirəm. “Zenit”lə matçda oynaya bilərəm. Baş məşqçi şans versə, çıxıb əlimdən gələni edəcəm.

- Kuban Berdıyev sizi müdafiəçi, yoxsa dayaq yarımmüdafiəçisi kimi sınamağı fikirləşir?
- Mənim üçün fərqi yoxdur. Hansı mövqedə qoysa, orda da yüksək səviyyədə özümü göstərməyə çalışacam. Odur ki, mən öz məşqimi edirəm.

- Yoxlama oyunlarında hansı mövqedə yoxlanıldız?
- Dayaq yarımmüdafiəçisi mövqeyində.

- Başqa bir mühitə getmisiz. Komandada sizə qarşı münasibət necədir?
- Hər şey yaxşıdır. Çox yaxşı kollektivimiz, çox yaxşı məşqçimiz var.

- Sizə “Valerenqa”, “Antalyaspor” kimi klublardan da təkliflər olub. Həmin klublara müəyyən səbəblərdən keçə bilmədiz. Necə düşünürsüz, gənc yaşlarında həmin klublara getsəydiz, bəlkə də yana bilərdiz?
- “Rubin” uşaqlıqdan azarkeşi olduğum komanda idi. Amma bir qədər daha gözləməyi məsləhət bildim. Xeyirlisi bu idi. Çox sevinirəm ki, belə bir klubun futbolçusuyam.

- Bir neçə futbolçularımız legioner həyatı yaşasa da, qısa müddətdən sonra ölkəmizə qayıtdılar. Səbəb isə çox vaxt ailədən darıxmaq göstərilir. Sizdə bu baxımdan problem yaşanmayacaq ki?
- Bunu zaman göstərəcək. İndidən bunu söyləmək olmaz. Ancaq özümü psixoloji cəhətdən legioner həyatı yaşamağa hazırlamışam. İnanıram ki, Kazanda mənim üçün problem olmayacaq. Çünki bir müddətdən sonra ailəm də yanıma gələcək. Mən də rahat şəkildə öz karyeramı davam etdirəcəm.

- Müqavilənizin şərtlərində hansı şərait nəzərdə tutulub?
- Kazanda evlə təmin olunmuşam.

Səbuhi TOFİQOĞLU