“Onsuz da oyunumuza maksimum 100 azarkeş gəlirdi” - MÜSAHİBƏ
31.03.2013 - 14:26
“Onsuz da oyunumuza maksimum 100 azarkeş gəlirdi” - MÜSAHİBƏ
“Qarabağ” klubunun yarımmüdafiəçisi Muarem Muarem Topaz Premyer Liqasının XXIV turunda "Qəbələ" üzərində qazanılan 1:0 hesablı qələbədən sonra apasport.az saytının əməkdaşının suallarını cavablandırıb.

- Qarşılaşma barədə fikirlərinizi bilmək maraqlı olardı...
- Yığmanın oyunları ilə əlaqədar çempionatda yaranmış fasilədən maksimum istifadə etdik və matça yaxşı hazırlaşdıq. Millinin düşərgəsinə yollanan futbolçular yorğun döndükləri üçün eyni heyətlə meydana çıxdıq. Çətin olmadığını deyə bilərəm. Bu da komandadakı oyunçuların hamısının yaxşı futbolçular olduğu anlamına gəlir. Yəni kim hazırdırsa, o da meydana çıxıb komandaya kömək edir. Oyuna yaxşı hazırlaşmağımızın əsas səbəbi “Qəbələ”yə əvvəlki oyunlarda qalib gələ bilməməyimizdir. Üç xal qazandığımız üçün məmnunuq.

- Ancaq çox maraqsız oyun izlədik...
- Çünki heyətimizdə yorğun oyunçular var idi. Rəşad Sadıqov, Maksim Medvedov millidə iki çətin qarşılaşma keçirdi. Həm də yeni futbolçularımız var. Onlarda yavaş-yavaş adaptasiya olacaqlar. Bizim güclü komandamız olacaq.

- İkinci hissədə müdafiədən oynamağınızı baş məşqçi tapşırmışdı?
- Belə bir tapşırıq verilməmişdi. “Qarabağ” hər zaman hücum futbolu oynayır. Hərdən belə də olur. Yəqin psixoloji baxımdan bir qədər çəkindik.

- Meydanda heç nə ilə yadda qalmadınız. Bu nə ilə bağlıdır?
- Öz mövqeyimdə oynamırdım. Bu dəfə sağ cinahda yer almışdım. Doğma mövqeyim isə sol cinahdır. Komandaya harda faydalı ola bilərəmsə, vəzifəmi yerinə yetirməyə borcluyam. Ola bilsin, oyunumla nəzərə çarpmadım. Ancaq sona qədər mübarizə apardım.

- Niyə sağ cinahda yer almışdınız?
- Yeni futbolçumuz olan Reynaldo sol cinahda meydana çıxmışdı. Buna görə də əks cinahda yer almışdım. Baş məşqçi belə məsləhət bildikdən sonra, fərqi yoxdur. Əsas olan komandaya faydalı olmaqdır.

- Matçın azarkeş keçirilməsinin futbolçulara hansısa təsiri oldumu?
- Onsuz da oyunumuza maksimum 100 azarkeş gəlirdi. Hər halda, gələndə dəstək olurdular.

- Bu final mərhələsində ilk qələbəniz oldu...
- “Simurq”la qarşılaşma yaxşı oynasaq da, qələbəni rəqib qazandı. Bu dəfə həmin səhvi təkrarlamadıq. Hər bir oyun finala bərabərdir. Həm də qələbə qazanmalıyıq ki, üst sıralarda yer alanlardan geri qalmayaq. Hər turda qələbə qazansaq, daim üst sıralarda qalacağıq. Onu da unutmamalıyıq ki, turdan tura oyunların sayı azalır.

- Əvvəllər baxımlı futbol oynaya bilməməyinizi ot örtüyünün bərbad olması ilə bağlayırdınız. Ancaq indi əla qazon var, oyun planında isə irəliləyiş yoxdur. Niyə?
- Fikrimcə, o qədər də pis oynamadıq. Ancaq zamana ehtiyac var. Bəzən yaxşı oynayırsan, qələbə qazana bilmirsən. Ona görə də ən yaxşısını etməlisən.