“Bakı” “İnter”lə oyuna hazırdır
05.04.2013 - 19:46
“Bakı” “İnter”lə oyuna hazırdır
Bu gün “Bakı” Topaz Premyer Liqasında XXV turunun “İnter”lə oyun öncəsi son məşqini keçirib. Apasport.az-ın klubun saytına istinadən məlumatına görə, məşqə zədəli futbolçular Mario Martinez Rubio və Novruz Məmmədov qatılmayıblar.

Bu gün əvəzedici komandanın heyətində meydana çıxan Aqil Məmmədov və Nurlan Novruzov da sabahkı qarşılaşmaya hazırlaşan “zolaqlılar”ın məşqində yer almayacaqlar.

Cərrahiyyə əməliyyatından sonra bərpa dövrü keçən Vinston Parks fərdi çalışarkən, digər oyunçular baş məşqçi Bojidar Bandoviçin rəhbərliyi altında qrup halında hazırlıq keçiblər.

Komandanın düşərgəsində yüksək əhval-ruhiyyə hökm sürür. Son turda səfərdə “Simurq”a qalib gələn “Bakı” “İnter”lə oyunda da eyni uğura imza atmaq niyyətindədir.

Qeyd edək ki, Topaz Premyer Liqasında XXV turunun “Bakı” – “İnter” oyunu klubun təlim-məşq bazasının stadionunda baş tutacaq. Qarşılaşmanın start fiti saat 15.00-da səslənəcək.