Yarımfinalçılar müəyyənləşdi
11.04.2013 - 00:34
Yarımfinalçılar müəyyənləşdi
Çempionlar Liqasının 1/4 final mərhələsində cavab oyunlarına yekun vurulub. Apasport.az saytının məlumatına görə, bütün yarımfinalçılar məlum olub.

“Real”la “Borussiya”ya “Barselona” ilə “Bavariya”nın yol yoldaşı olacağını gözləyənlər heç də fikirlərində yanılmayıblar.

Belə ki, “Barsa”nın Fransadakı məhsuldar heç-heçədən sonra evdə uduzacağı inandırıcı deyildi. PSJ isə yarımfinala çıxmaq üçün 2:2-dən də məhsuldar heç-heçəyə nail olmalı idi.

Bu qarşılaşmada da yenə bərabərlik qeydə alınıb - 1:1. Lakin bu heç-heçə Kataloniya klubunu yarımfinala çıxarıb.

“Bavariya” isə İtaliyaya üstünlüklə yollandığından, özünü daha rahat hiss edirdi. “Yuventus” yarımfinala çıxmaq üçün böyük hesabla qalib gəlmək məcburiyyətində idi. Amma münhenlilər ilk matçda əldə etdikləri nəticəni, bu dəfə də Turində qazanıblar. Almaniya təmsilçisi ikinci hissədə vurduğu 2 qolla adını yarımfinala yazdırıb.

Beləliklə, aprelin 12-də İsveçrənin Nyon şəhərində keçiriləcək püşkatmadan sonra cütlüklər müəyyənləşəcək.

Qeyd edək ki, yarımfinal mərhələsinin ilk matçları aprelin 23-24-də, cavab oyunları isə həmin ayın 30-u və mayın 1-də keçiriləcək.


10 aprel
“Barselona” (İspaniya) – PSJ (Fransa) - 1:1
QOLLAR: Pedro, 71- Pastore, 50
İlk oyun – 2:2

“Yuventus” (İtaliya) – “Bavariya” (Almaniya) - 0:2
QOLLAR: Mandjukiç, 64, Pizarro, 90+1
İlk oyun – 0:2